CƏMİYYƏT
Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər
Bakı, 6 iyul, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə, ata-baba yurdlarında yaşamağı, qurub yaratmağı planlaşdıran keçmiş məcburi köçkünlərin fikir və duyğularının yer aldığı videoçarxlar hazırlayır.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Vətən həsrəti bitən həmvətənlərimiz hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər. Qeyd ediblər ki, dövlətimizin başçısının rəhbərliyi ilə məcburi köçkünlərin geri qaytarılması üçün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən kompleks tədbirləri yaxından izləyirlər. Görülən işlər nəticəsində tezliklə oranın məcburi köçkünlərin layiqli yaşayışı üçün əlverişli vəziyyətə gətiriləcəyini ifadə ediblər.
Videoçarxlarda müxtəlif peşə sahibi olan məcburi köçkünlər öz peşəsi barədə məlumat verib, fəaliyyətlərini bundan sonra işğaldan azad olunmuş yerlərdə davam etdirəcəklərini, doğma yurdlarının ən abad guşələrdən birinə çevrilməsi üçün gənclərin də dəstək verməsinin əhəmiyyətini qeyd ediblər. Videolayihə əsasında çəkilişlər davam etdirilir.
Növbəti videoçarxda Füzuli rayon sakini Eldar Kərimoğlu təəssüratlarını bölüşüb.