CƏMİYYƏT
Məcburi köçkünlər əsgərlərin səsinə səs verdilər VİDEO
Bakı, 15 iyun, AZƏRTAC
Ulu öndər Heydər Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə daim diqqət və qayğı göstərib. Münaqişənin ilk illərində Ümummilli Liderin təşəbbüsü ilə beynəlxalq təşkilatlar məcburi köçkünlərə yardım edib, beləliklə, yaşana biləcək humanitar fəlakətin qarşısı alınıb. Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet istiqamət kimi müəyyənləşdirib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər iyunun 15-də Milli Qurtuluş Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsünə qoşularaq Azərbaycanın dövlət himnini oxuyublar.
Qeyd edilib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ərazilərimiz işğaldan azad olunub. İlk dəfə ərazi bütövlüyü bərpa olunmuş ölkənin vətəndaşları Milli Qurtuluş Günü münasibətilə dövlət himnini oxumaqla həm də ölkənin suverenliyi uğrunda vuruşmuş əsgərlərin səsinə səs veriblər. Vətənin keşiyində duran rəşadətli Azərbaycan Ordusunun əsgərləri də xidmət etdikləri bölgələrdə dövlət himnini ifa ediblər. Doğma yurduna qayıtmağa hazırlaşan məcburi köçkünlər müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan əsgərlərimizə mənəvi dəstək olduqlarını nümayiş etdiriblər.