SİYASƏT
Məcburi köçkünlər seçkilərdə fəallıq göstərirlər
Bakı, 1 noyabr, Kifayət Əliyeva, AZƏRTAC
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkün şəhərciyindəki məntəqəsində səsvermə seçicilərin yüksək fəallığı şəraitində, mütəşəkkil qaydada davam edir.
Məntəqə seçki komissiyasının sədri Əliağa Əsədov seçicilərin fəallığından və nizam-intizama əməl etmələrindən razılıq edir. Bu məntəqədə səs verəcək 1354 seçicinin çoxu saat 12-dək artıq səsvermədə iştirak edib. Hazırda seçkiləri müxtəlif partiyalardan və beynəlxalq təşkilatlardan müşahidəçilər izləyirlər.
Dairə seçki komissiyasının sədri Əli Mönsümov AZƏRTAC-a bildirib ki, adları qeydiyyatda olan seçicilərin böyük əksəriyyəti artıq məntəqəyə gələrək istədiyi namizədə səs verib. Seçicilərin fəallığı yüksəkdir. Onlar mütəşəkkil qaydada səsvermədə iştirak edirlər. İlk dəfə səs verən gənclərlə Seçki Məcəlləsinin tələblərinə uyğun müvafiq iş aparılıb. Məntəqələrdə belə gənclərə diqqət və qayğı ilə yanaşılır, səsvermə prosesində səhvə yol verməmələri üçün lazımi tövsiyələr verilir.
Bütün məntəqələr üzrə seçki prosesi normal qaydada davam edir.