CƏMİYYƏT
Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quzanlı qəsəbəsində keçirilən ilk yardım təlimləri başa çatıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 22-də başlayan və üç gün davam edən təlimlərdə yerli sakinlər və məcburi köçkünlər iştirak ediblər.
Təlimləri AzQAC-ın və BQXK-nın yüksək ixtisaslı təlimçiləri aparıblar. Təlimlərin proqramına ilk yardım və onun əsas prinsipləri üzrə nəzəri və praktiki məşğələlər daxildir. İlk yardımın məqsədi zərərçəkənin həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün sadə və zəruri tibbi tədbirlərin görülməsidir.
Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağın işğaldan azad olunmuş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində ötən ilin aprel və sentyabr aylarında ilk yardım göstərilməsi üzrə təlim təşkil edib. Dövlət Komitəsi işğaldan azad edilmiş və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan məcburi köçkün vətəndaşlarımız arasında ilk yardım üzrə maarifləndirmə işinin aparılmasını vacib sayır. Təlimlərin məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər yaşayış yerlərində də aparılması nəzərdə tutulur.