CƏMİYYƏT
Məcburi köçkünlərə humanitar yardım verilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə məskunlaşan 80 şəhid, əlil və kimsəsiz məcburi köçkün ailəsinə qardaş Türkiyənin Qızıl Ay Cəmiyyəti tərəfindən humanitar yardım kimi göndərilmiş müxtəlif ərzaq məhsullarından ibarət yardım paylanılıb.
Dövlətqaçqınkomdan AZƏRTAC-a bildiriblər ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovun və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun iştirak etdikləri tədbirdə Türkiyə ilə Azərbaycanın dünya miqyasında bir-birinə ən yaxın dövlətlər olduğu, qardaşlıq və dostluq əməkdaşlığının bütün sahələrdə inkişaf etdiyi, Azərbaycan-Türkiyə münasibətlərinin həm regionda, həm də dünyada böyük önəm daşıdığı, əlaqələrin gündən-günə daha da genişləndiyi vurğulanıb.
Bir millət, iki dövlət kimi Türkiyənin daim Azərbaycanın, Azərbaycanın isə Türkiyənin yanında olduğunu deyən səfir bildirib ki, biz qardaş ölkə və xalq kimi bundan sonra da birlikdə olacağıq.
Qardaş Türkiyənin Azərbaycana həmişə hərtərəfli dəstək verdiyini, xüsusilə torpaqlarımız işğal edilən zaman ölkəmizdəki qaçqın və məcburi köçkünlər üçün göndərilmiş humanitar yardımların o ağır günlər üçün olduqca mühüm önəm kəsb etdiyini vurğulayan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov mənəvi dəstəyə görə bütün məcburi köçkünlər adından səfirə və türk xalqına təşəkkürünü bildirib.
Qeyd olunub ki, göndərilmiş 325 bağlamadan ibarət humanitar yardımın qalan hissəsi Bakı şəhərinin müxtəlif ərazilərində məskunlaşmış əlil, şəhid ailələrinə və kimsəsizlərə paylanılacaq.