CƏMİYYƏT
Məcburi köçkünlərin qayıdışı könüllü, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilir
Bakı, 2 iyun, AZƏRTAC
Sus və Zabuğa qayıdışla bağlı tapşırıqların avqust ayında həyata keçiriləcəyi ehtimal edilir.
AZƏRTAC xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Dünya Bankı ilə Dövlət Komitəsi arasında olan müqaviləyə əsasən ayrılan maddi vəsait yalnız məcburi köçkünlərin məşğulluğu ilə bağlı layihələrə sərf olunacaq. Dövlət Komitəsi məcburi köçkünlərə tutarlı yardımlar göstərilməsi üçün bütün imkanlarından istifadə edəcək.
R.Rzayev vurğulayıb ki, hazırda Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir. Prezident İlham Əliyev tərəfindən tapşırıq verilən kimi dərhal icra ediləcək.
Dövlətimizin başçısının sentyabr ayında Sus və Zabuğa qayıdışla bağlı verdiyi tapşırıqlardan danışan Rövşən Rzayev əlavə edib ki, bu gün həmin tapşırıqlar uğurla icra olunur: “Ehtimal ki, qayıdışla bağlı tapşırıqlar avqust ayında həyata keçiriləcək”.
Prezident İlham Əliyevin tapşırığına əsasən keçmiş məcburi köçkünlər üçün müasir evlərin inşa olunduğunu, kəndlərin, rayonların yenidən salındığını diqqətə çatdıran komitə sədri əlavə edib: “O yerlərin hər biri öz sakinlərini gözləyir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, insanların böyük faizi könüllü olaraq öz doğma rayonlarına, kəndlərinə köçmək istəyir. Dövlət Komitəsi I Dövlət Proqramında verilən tapşırıqların hamısını əlindən gəldiyi qədər icra etməyə hazırdır. Qayıdış könüllü, təhlükəsiz və ləyaqətli şəkildə həyat şəraitinin yaradılması prinsipləri ilə həyata keçirilir və keçiriləcək”.