Məcburi köçkünlərin qayıdışının dəstəklənməsi məqsədilə yeni layihə həyata keçiriləcək
AzerTAg.az

Şuşa, 7 fevral, AZƏRTAC
BMT-nin İnkişaf Proqramı (BMTİP) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə uzunmüddətli tərəfdaşlığa malik olmaqdan qürur duyur. Biz 1999-cu ildən minatəmizləmə tədbirlərini dəstəkləmişik və o zaman ANAMA-nın atdığı ilk addımlara kömək etmişik.
Son 20 il ərzində BMTİP Azərbaycanda 850 mindən çox mina və digər partlayıcı sursatların təmizlənməsində ANAMA-ya dəstək verib, 160 min 500-dən çox məcburi köçkün uşaq, qadın və kişinin təhlükəsiz geri qayıtmasına yardım edib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin İnkişaf Proqramının (BMT İP) Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros söyləyib.
“Son iki il ərzində Azərbaycanda minalardan təmizləmə əməliyyatlarımızı genişləndirmək və dəstək vermək üçün Avropa İttifaqının, Böyük Britaniyanın və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin maliyyə dəstəyindən faydalanmışıq”, - deyən Nuno Queiros bildirib ki, bu məqsədlə Azərbaycana beynəlxalq ekspertlərdən ibarət yüksəksəviyyəli heyət göndərilib, minatəmizləmə standartlarına yenidən baxılıb və milli qanunvericilik yenilənib.
"Bu gün, Avropa Komissiyasının Xarici Siyasət Alətləri Xidmətinin 4,250,000 avro məbləğində maliyyə dəstəyi, o cümlədən Azərbaycan hökuməti ilə çiyin-çiyinə çalışaraq məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına dəstək vermək üçün bu layihəyə başlayırıq. Bu gün imzalanan layihə 20 kəndi əhatə edərək 33 604 ailənin faydalanmasına imkan verəcək.
Layihə yerli və beynəlxalq QHT-lər arasında unikal tərəfdaşlığı gücləndirməklə yanaşı, yerli institutların potensialını artıracaq, həmçinin ANAMA-nı informasiya idarəçiliyi və minalardan təmizləmədə innovativ həllərin tətbiqi sahəsində gücləndirəcək",- deyə Nuno Queiros vurğulayıb.
Xəbərin mətnində orfoqrafik səhv var