REGİONLAR


Məcburi köçkünlərin və şəhid ailələrinin sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində mühüm yer tutur

Ağcabədi, 11 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Aprelin 11-də Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə uğurla reallaşdırılan islahatlara, o cümlədən məcburi köçkün və şəhid ailələrinin sosial müdafiəsi istiqamətində görülən işlərə həsr olunmuş regional müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun, Milli Məclisin bir qrup deputatının, Yeni Azərbaycan Partiyasının Mingəçevir, Yevlax, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Laçın, Goranboy və Xocalı rayon təşkilatlarının fəallarının, eləcə də Ağcabədi rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi ziyarət edilib.

YAP siyasi şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov müşavirəni açaraq, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlardan danışıb. Bildirib ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən bir il keçir. Ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox böyük işlər görülüb, çoxsaylı uğurlara imza atılıb. Həyata keçirilən islahatlar nəticəsində əhalinin rifah halı daha da yaxşılaşıb, ölkəmizin beynəlxalq aləmdə nüfuzu yüksəlib.

Müşavirədə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib. Bildirib ki, bir il əvvəl Azərbaycan xalqı öz seçimini edərək Prezident İlham Əliyevi 2025-ci ilədək dövlət başçısı vəzifəsinə seçiblər. Xalq tərəfindən növbəti dəfə belə bir seçimin edilməsi vətəndaşların ulu öndər Heydər Əliyevin siyasətinə hörmətinin, inamının ifadəsi, həmçinin Prezident İlham Əliyevə bundan əvvəlki fəaliyyəti dövründə Azərbaycanın inkişafı yolunda əldə etdiyi nailiyyətlərinə, uğurlarına verilən qiymətdir.

Əli Əhmədov deyib: “Vətəndaşlarımızın sosial problemlərinin həll olunması, onların rahat yaşamaları üçün şəraitin təmin edilməsi istiqamətində böyük işlər görülür. Minimum pensiya məbləğinin, minimum əməkhaqqının 40 faiz artırılması müvafiq olaraq 233 min və 600 min nəfərin rifahına təsir edəcək. Əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı çox ciddi güzəştlər tətbiq edilib, aldıqları müavinətlərin səviyyəsi artıb. Elə bir təbəqə qalmayıb ki, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün bu və ya digər formada güzəşt və müavinətlər artırılmasın. O cümlədən məcburi köçkünlər üçün verilən müavinətlər də 50 faiz artırılıb. Prezidentin həyata keçirdiyi siyasətin əsas məqsədi, başlıca niyyəti insanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən qayğının daha da artırılması və həyat səviyyəsinin yüksəldilməsidir. Təbii ki, bütün bunların hamısı iqtisadi bazanın yaradılması sayəsində mümkün ola bilər. Ona görə də, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında, dövlətimizin başçısının birbaşa təşəbbüsü ilə genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir”.

Qeyd olunub ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə əlaqədar görülən tədbirlər kəndlərdə yaşayan insanların həyatında çox mühüm dəyişikliyə səbəb olub. Dövlətin dəstəyi ilə özünüməşğulluq proqramı həyata keçirilir ki, bu da aztəminatlı ailələrin işlə təmin olunmasına, həyat səviyyələrinin yüksəldilməsinə hesablanıb. Bütövlükdə Azərbaycanda son 15 ildə insanların işlə təmin olunması istiqamətində əhəmiyyətli addımlar atılıb. İki milyona yaxın yeni iş yerinin yaradılması Azərbaycan Prezidentinin atdığı ən ciddi sosial addımdır. İnsanların həyatının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir. Dövlətimizin başçısının rəhbərliyi ilə uğurla reallaşdırılan davamlı islahatlar, ilk növbədə, vətəndaşların maraqlarına, onların rifahının yaxşılaşmasına xidmət edir.

“Azərbaycanda həyata keçirilən sosial siyasətin vacib istiqamətlərindən biri məcburi köçkünlərin rifahının, yaşayışının yaxşılaşdırılması ilə əlaqədardır. İlham Əliyev 2003-cü ildə Prezident seçiləndən sonra çadır şəhərcikləri ləğv edildi. Çadırlarda, vaqonlarda çox ağır şəraitdə yaşayan insanlar müasir qəsəbələrdə, yaşayış massivlərində rahat mənzillərlə təmin edildi. Məcburi köçkünlərin işlə təmin olunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Bizim hədəfimiz məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını təmin etməkdir. Bu vəzifə öz həllini tapana qədər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll olunana qədər insanların layiqli yaşayışının təmin edilməsi üçün tədbirlər həyata keçiriləcək”, - deyə Əli Əhmədov qeyd edib.

Tədbirdə Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Tahir Rzayev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev, YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov mövzu ilə bağlı çıxış ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.