SİYASƏT
Məcburi köçkünlərlə bağlı həyata keçiriləcək layihələrə dair əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Yohannes van der Klaus və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sədr ölkəmizdə məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində irihəcmli layihələrin həyata keçirildiyini söyləyib. Qeyd olunub ki, məcburi köçkünlərin sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, irihəcmli proqramlar icra edilir.
Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam tarixi hadisədir. Cocuq Mərcanlı Azərbaycan xalqının əzəli torpaqlarına qayıdışının simvoludur. Bu kəndin bərpası xalqımızın işğal altında olan digər ərazilərimizi də geri qaytarmaq əzmində olduğunu qəti şəkildə nümayiş etdirir.
Dövlət Komitəsinin sədri BMT QAK-ın məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı müxtəlif layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Təşkilatın ölkəmizdəki uzunmüddətli və davamlı fəaliyyəti müsbət dəyərləndirilib.
Furio de Angelis Cocuq Mərcanlıda məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasından sonra görülən işlərdə yaxından iştirak etdiyini və kənddə qiymətləndirmə apardıqlarını bildirib. O, BMT QAK-ın Azərbaycanda məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirməyi planlaşdırdığını deyib.
Görüşdə, eyni zamanda, iyunun 20-də Ümumdünya Qaçqınlar Gününün qeyd edilməsi ilə bağlı müzakirələr aparılıb. Məcburi köçkünlərlə bağlı həyata keçiriləcək layihələr ətrafında əməkdaşlıq perspektivləri müzakirə olunub.