“Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində təlim keçirilib
AzerTAg.az
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da “Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Binəqədi rayonunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, keçirilən təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov təlim proqramı haqqında geniş məlumat verib, müasir dövrdə həm dövlət qurumlarının fəaliyyətində, həm də ailədə qadın və uşaqların maraqlarının təmin olunmasının prioritet olduğunu söyləyib. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsinə yönələn bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini, bu gün cəmiyyətimizdə qadınlara verilən diqqət, dəyərin vacibliyini xüsusi vurğulayıb.
Ombudsman Elmira Süleymanova ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə qəbul edilən üç mühüm strateji sənəd - İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006), Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011) haqqında məlumat verib. Milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis dünyada məcburi köçkünlərin vəziyyəti, onların qarşılaşdıqları problemlər, rəhbərlik etdiyi qurumun qadınlarla bağlı fəaliyyətləri barədə danışıb. O, qadın və uşaq hüquqlarının təmin olunması, zorakılıqla mübarizənin tədris proqramlarına daxil edilməsi, habelə Azərbaycanda qadın hüquqlarının təmin edilməsi və məişət zorakılığı ilə mübarizə sahəsində əldə olunan uğurları yüksək qiymətləndirib, birgə fəaliyyətin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin aparılmasının vacibliyini vurğulayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Xəbərin mətnində orfoqrafik səhv var