MƏDƏNİYYƏT


Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş saytının təqdimatı olub

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş - irs.gov.az saytının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Xidmətinin rəisi Azad Cəfərli saytın yenilənməsinin zərurət və əhəmiyyətindən danışıb. Bildirib ki, Dövlət Xidməti öz fəaliyyətində açıq informasiya siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu baxımdan ictimaiyyətin məlumatlandırılması və əlaqələrin daha operativ qurulması sahəsində əsas kommunikasiya vasitələrinin də təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Saytın yenilənməsində məqsədin istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaq olduğunu söyləyən Azad Cəfərli bildirib ki, yeni sayt həm Dövlət Xidmətinin rəsmi internet resursu, həm də ölkəmizin daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaq: "Bu internet resursu Dövlət Xidmətinin fəaliyyət istiqamətləri haqqında məlumatları və bu sahədə olan yenilikləri operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək. Burada, eyni zamanda, ölkə ərazisində olan daşınmaz tarix-mədəniyyət abidələri haqqında dolğun informasiyalar yerləşdirilib. Yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub".

Qeyd edib ki, saytda naviqasiya rahatlığını təmin etmək üçün ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib: "Yeni sayt “google”ın seo (search engine optimization - axtarış motoru optimizasiyası) standartlarına əsasən hazırlanıb. Bu da axtarış sistemlərində əlaqəli olan açar sözlər axtarıldığı zaman saytda olan məlumatların istifadəçilər üçün ən ön sıralarda göstərilməsinə imkan yaradır".

Saytın mobil versiyasının da yaradıldığını deyən xidmət rəisi qeyd edib ki, sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

"Sayt BETA versiyadadır. Yaxın günlərdə istifadəyə veriləcək. Həmçinin işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumat bazası rolunu oynayan sayt da hazırlanır. Yaxın günlərdə onun da təqdimatı keçiriləcək", - deyə A.Cəfərli vurğulayıb.

Diqqətə çatdırıb ki, saytın bölmələrində dünya, ölkə, yerli əhəmiyyətli abidələr haqqında məlumat verilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüş tarix-mədəniyyət abidələri 3 əhəmiyyət dərəcəsinə bölünərək təsnif olunub. Bu bölgüyə uyğun olaraq tarixi abidələrin dünya, ölkə və yerli əhəmiyyət dərəcələri müəyyən edilib. Saytımızda da həmin əhəmiyyət dərəcələrinə uyğun olaraq bölmələr yaradılıb. Hər bölmədə də yer alan tarixi abidələr haqqında geniş məlumatlar, xəritə üzərində koordinatları, fotoşəkilləri, abidədə aparılmış bərpa-konservasiya işləri haqqında informasiyalar öz əksini tapıb.

Vurğulanıb ki, bərpa-konservasiya bölməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tarixi abidələrdə aparılmış bərpa-konservasiya işləri haqqında məlumatlar öz əksini tapıb.

Xəritə bölməsində Azərbaycan Respublikasının xəritəsi üzərində tarix-mədəniyyət abidələrinin yerləşdiyi əraziyə uyğun olaraq əks edilib. Hər hansı bir abidəni göstərən işarəyə toxunduqda həmin tarixi abidə haqqında ətraflı məlumat və fotoşəkillər yer alıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 13 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Tarix-mədəniyyət qoruqları bölməsində də həmin qoruqlar haqqında geniş məlumatlar, orada yerləşən tarixi abidələr, xəritə üzərində koordinatları, fotoşəkilləri, abidələrdə aparılmış bərpa-konservasiya işləri haqqında informasiyalar öz əksini tapıb.

Dövlət qeydiyyatına götürülmüş abidələr bölməsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüş tarix-mədəniyyət abidələrinin siyahısı verilib.

Tədbirlər bölməsində isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkil olunacaq tədbirlər haqqında məlumatlar, elanlar yerləşdiriləcək.

Sonda xidmət rəisi jurnalistlərin suallarını cavablandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.