MƏDƏNİYYƏT
Mədəni irsin qorunması naminə beynəlxalq əməkdaşlıq
Bakı, 12 oktyabr, AZƏRTAC
Moskvada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzlə Rusiyanın D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev iki ölkə arasında mədəni əlaqələrin vacibliyini qeyd edərək bu əlaqələrin daha da dərinləşdirilməsində elmi dairələrin böyük rolu olduğunu vurğulayıb.
Birgə layihələrin həyata keçirilməsi, tədqiqatların aparılması və qarşılıqlı informasiya dəstəyinin göstərilməsi kimi məsələləri özündə əks etdirən memorandumda xüsusi olaraq bir istiqamət də öz əksini tapıb. Belə ki, memoranduma əsasən tərəflər qlobal internet şəbəkəsində baş verə biləcək mədəniyyət nümunələrinin mənimsənilmə cəhdlərinin qarşısının alınması istiqamətində birgə tədbirlərin görülməsini nəzərdə tutublar. Bu istiqamətdə neqativ hallar eyni zamanda Rusiyanın internet resurslarında da öz əksini tapmaqdadır.
Memorandum eyni zamanda, mədəniyyət sahəsində aparılan informasiya müharibəsinə də öz töhfəsini verəcək.İmzalanmış memorandum çərçivəsində görüləcək ilk birgə layihə “Müasir cəmiyyətdə gənclərin mədəni tələbatları” adlı tədqiqat və “dəyirmi masa”dan ibarət olacaq.
Qeyd edək ki, D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutu MDB məkanında elmi dairələrdə böyük nüfuza malikdir və Rusiya Federasiyasının mədəniyyət nazirliyi tərəfindən aparılmış islahatlar nəticəsində bu ölkənin bir sıra tədqiqat mərkəzləri bu instituta inteqrasiya olunub.
Mədəniyyət, kulturologiya, mədəniyyət tarixi, irs, fəlsəfə və digər humanitar elmlər üzrə ixtisaslaşmış alimləri ətrafında birləşdirən bu institut eyni zamanda beynəlxalq layihələrin təşəbbüskarı və icraçısıdır.