REGİONLAR
“Mədəni kənd-mədəni mühit” layihəsinin növbəti ünvanı Axıska türklərinin yaşadığı Nəsimikənd olub VİDEO
Saatlı, 3 avqust, Aydın Yavərzadə, AZƏRTAC
“Mədəni kənd-mədəni mühit” layihəsi çərçivəsində növbəti toplantı Saatlı rayonu Nəsimikənd kəndində gerçəkləşib. Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilən “Mədəni kənd-mədəni mühit” layihə əsasən ucqar kəndlərdə sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nəsimikənd kənd folklor evinin və “Adıgün” mədəniyyət evinin birgə təşkilatçılığı ilə layihə çərçivəsində tədbir keçirilib.
Əsasən Axıska türklərinin yaşadığı bu kənddə adət-ənənələrini, mədəniyyətini, folklorunu, mətbəxini özündə əks etdirən bir-birindən maraqlı kompozisiyalar tamaşaçılara təqdim olunub. Axıska türklərinin mətbəx nümunələrindən mantının, qətmərin və digər xəmir xörəklərinin hazırlanması və bişirilməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Daha sonra bir-birindən maraqlı rəqslər, mahnılar tamaşaçılara nümayiş olunub. Hər bir kompozisiya barədə ətraflı məlumat verilib. Nəsimikənd kənd mədəniyyət müəssisələrinin bədii özfəaliyyət kollektivi öz müxtəlif musiqi nümunələri ilə tədbirə xüsusi rəng qatıb.
Qeyd edilib ki, Azərbaycanda mövcud milli-mədəni müxtəliflik mühitinin qorunmasına yönəldilən dövlət siyasətinin tərkib hissəsi olan tədbirin keçirilməsi multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunması, zənginləşdirilməsi, cəmiyyətdə bu istiqamətdə qazanılmış nailiyyətlərin təbliğinin gücləndirilməsi məqsədi daşıyır.
Saatlı Rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev bildirib ki, əsas məqsədlərdən biri kənd əhalisinin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, kənd yerlərində mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsidir. Həmçinin kəndlərdə yaradıcı gənclərin aşkar olunması və tanıdılması layihənin əsas məqsədlərindən olduğu önəm daşıyır. Bundan başqa, kənd əhalisində ədəbi-mədəni irsimizə marağın artırılması baxımından belə tədbirlərin kəndlərdə mütəmadi keçirilməsi vacibdir.
Axıska Türkləri Vətən İctimai Birliyinin idarə heyətinin sədri İsmayıl Rəhimov deyib ki, bu kimi tədbirlərin mütəmadi keçirilməsi gənclərin mədəniyyət sahəsində inkişafına təkan verir. Həmçinin gələcək nəsillərin doğru yolda irəliləməsi üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, qədim adətlərimizin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində belə görüşlərin xüsusi yeri var.