MƏDƏNİYYƏT


“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsində...

Bakı, 13 noyabr, AZƏRTAC

“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi oxucular üçün maraqlı materiallarla zəngindir.

AZƏRTAC xəbər verir ki, nəşrin yaradıcı kollektivi hər zaman olduğu kimi yenə də Azərbaycan Cümhuriyyətinin 100 illiyini prioritet mövzu kimi diqqətdə saxlayıb. Bu nömrədə də bir yandan 1918-1920-ci illər mətbuatına işıq tutulur, o biri tərəfdən də qardaş Türkiyədəki Fəriköy məzarlığında uyuyan soydaşlarımız – Cümhuriyyət liderləri yad edilir.

Heç səngimək bilməyən Qarabağ nisgilimizi jurnalın yaradıcı kollektivi də unudulmağa qoymur, heç vaxt bu yaddaşın zəifləməsinə imkan vermir.

Ədəbiyyat, sənət dünyası korifeylərinin münasibətləri hər zaman mətbuatın ən maraqlı mövzularından olub, çünki ədəbi mühit həm də yaradıcı adamların insani münasibətləri nəticəsində formalaşır. Bu dəfə də böyük bəstəkarımız Üzeyir Hacıbəyli ilə böyük şairimiz Səməd Vurğun diqqətdədir. Söz adamlarımızın xatirəsini – Xalq şairi Bəxtiyar Vahabzadənin Şəkidə açılan ev-muzeyinə və dahi ustadın ölməz irsinə səyahətlə - yaşatmaq da elə ədəbiyyatımıza xidmətdir.

Azərbaycan kinosunun 120 illiyi isə jurnalın dizaynında işıqlanır.

Jurnalist Samirə Məmmədova Səməd Vurğun adına Rus Dram Teatrında premyerası olan “Uydi iz moix snov” tamaşası haqqında “Birmənalılığın çoxmənalılığı” yazısı ilə çıxış edir...

Jurnal bir müddət əvvəl çapdan çıxmış “Külək-yel kürəsinin şahzadəsi” kitabını dünya superqəhrəmanları sırasına milli obrazlarımızın qatılmasının gözəl nümunəsi sayır.

Əhsən Rəhmanlının təqdimatında tanınmış rəqs ustalarının “Zakir-Leyla” nağılı” - həyat və sənət hekayəsi nəql olunur.

Redaksiyanın Qusardan təşrif buyurmuş qonağı Həsən Xasıyevin “Ləzginka” rəqsi barədə araşdırmalarının da oxucuların böyük marağına səbəb olacağı şübhəsizdir.

Ölkəmiz daha yaxşı təbliğ etməyi, abidlərimizi, qoruqlarımızı qonaqlara ətraflı tanıtdırmağı qarşısına məqsəd qoyan jurnal bu dəfə Avey qoruğundan yazır.

“Elm” rubrikasının tədqiqi materialları da hər zamankı kimi müqtədir və gənc araşdırmaçıların ixtiyarındadır...

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.