MƏDƏNİYYƏT


“Mədəniyyət/Culture” jurnalının yeni nömrəsində...

Bakı, 25 sentyabr, AZƏRTAC

“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi yenə də həmişəki kimi maraqlı məzmunu və baxımlı siması ilə oxucuların görüşünə gəlib.

AZƏRTAC xəbər verir ki, jurnalın nəfis şəkildə süslənmiş üz qabığı və forzası xalqımızın ölkənin Birinci xanımına olan sevgi və sayğısını, Mehriban xanımın həyat yolunu, “Mehribanlı dünyamızı” ehtiva edən fotoşəkillərlə ifadə edir.

Oxucular mündəricat üzrə jurnalı vərəqlədikcə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsini fəth edən mədəniyyət xadimləri haqqında “Mədəniyyətdən əbədiyyətə”, o müharibədən qalib döyüşçü kimi evə dönmüş mədəniyyət xadimləri haqqında isə “Səhnədən hərb meydanına” layihələrində məlumatlana biləcəklər.

“Gözəlliklər şairinin sevinən ruhu” sərlövhəli məqalə və fotokollaj 39 illik tarixi olan Vaqif Poeziya Günlərinin 29 ildən sonra yeni həyat qazanmasını əks etdirir.

“Nizami– 880” rubrikası “Nizami Gəncəvi poeziyasının Şərq qaynaqları”, «Редкие сюжеты «Хамсе» Низами» və “Elmdir cövhəri kəhkəşanların” məqalələrindən ibarətdir.

“Türkün Yunus Əmrəsi” məqaləsi 2021-ci ilin Türkiyədə “Yunus Əmrə İli” elan edilməsinə “Mədəniyyət/Culture” jurnalının layiqli töhfəsidir.

“Ədəbiyyat” bölümünün “Söz sultanının sarsılmayan səltənəti” adlı daha bir məqaləsi Cənubi Azərbaycanda yaşayıb-yaratmış sevimli şairimiz Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcətlə şairin Təbrizdəki ev-muzeyinə “səyahət” və varislə müsahibəni təqdim edir. Bu bölümü görkəmli dilçi-alim Əbdüləzəl Dəmirçizadə haqqında qələmə alınmış “Dəmirçizadə dühası” və ədəbiyyatımızın sütunlarından biri Abdulla Şaiqdən bəhs edən “Milli ruh və mənəviyyatımıza işıq salan Şaiq” məqalələri tamamlayır.

“Musiqi” bölümü “Barrel Jazz Nights – 2021” silsilə konsertlərinin ritmlərinin sözlə ifadəsidir. “3 Vaqif və Villis Konover” essesi caz mövzusunun orijinal davamıdır. “Teatr” bölümündə bu dəfə də Jan-Lui Barronun “Teatr haqqında düşüncələr” kitabının dilimizə tərcüməsinin davamı ilə tanış ola biləcəksiniz. “Kino” bölümü 44 günlük Vətən müharibəsinin sənədli kino ifadəsi olan 44 dəqiqəlik “BİZ” filminə həsr edilib. “Portret” bölümü musiqiçilərimizə həsr olunaraq “Zəriflik və səmimiyyət harmoniyası – Xalq artisti Zəhra Quliyeva” məqaləsindən və “Musiqişünaslığa xidmətlə zinətlənən ömür” başlıqlı İmruz Əfəndiyeva ilə müsahibədən ibarətdir.

Hər dəfə olduğu kimi bu dəfə də jurnalı ədəbiyyat və incəsənətin müxtəlif sahələrini təhlil edən elmi məqalələr yekunlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.