CƏMİYYƏT
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Disput Klub”u çərçivəsində vebinar keçirilib
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Disput Klub”u çərçivəsində “Rəqəmsal yayıma və sosial şəbəkələrə yiyələnmə prosesində gənclərin rolu” mövzusunda vebinar keçirilib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, vebinarı giriş sözü ilə açan MİHİ RK-nın sədri Cəmilə Səttarova iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qələbə ilə nəticələnən Qarabağ zəfəri və 2016-cı il Aprel döyüşlərinin ildönümü ilə əlaqədar təbriklərini çatdırıb.
Sonra şəhid olanların xatirəsi “Unutma” şüarı ilə bir dəqiqəlik sükutla yad edilib.
C.Səttarova qeyd edib: “XXI əsrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib və kim hansı sahə ilə maraqlanırsa, sanki onların klubları yaranır. Məsələn, həkimlər, iqtisadçılar, hüquqşünaslar və digər klublar. Belə klublar istifadəçilərin həm də peşəkar biliklərinin artırılmasında böyük rol oynayır.
MİHİ RK-nın sədri vurğulayıb ki, yeni texnologiyalar bir çox üstünlükləri ilə bərabər, həm də arzuolunmaz fəsadlara yol açır. Hər şeydən sui-istifadə etməyə öyrəşmiş insanlar sosial mediadan belə bu məqsədlə istifadə etməyə çalışırlar. Onlar yalan məlumatlar yayıb ictimai rəyi çaşdırırlar, mənəviyyatdan kənar, insanlığa xas olmayan ifadələrlə həm ictimaiyyəti, həm də ölkə rəhbərliyini təhqir edirlər. Bundan başqa, bir sıra ictimai-siyasi xadimlərin, deputatların adından özlərinin demədiyi fikirləri səsləndirməklə nəyin bahasına olursa-olsun hakimiyyətə zərbə vurmağa çalışırlar. Artıq sosial şəbəkələr öz sosiallığını itirərək bir sıra qüvvələrin əlində siyasi və ideoloji mübarizə üçün platformaya çevrilib. Belə özbaşınalığın başlıca səbəbi də qanunların bu yeni texnologiyalara uyğunlaşdırılmamasıdır. Ümumiyyətlə, sosial şəbəkələrdə danışıq və davranış etikası ilə bağlı çox ciddi problemlərin mövcuddur”.
C.Səttarova ittifaq üzvlərini sosial şəbəkələrdə fəal olmağa, cəmiyyətimizin inkişafı, dövlətçiliyimizin təhlükəsizliyi naminə bilik və bacarığını əsirgəməməyə çağırıb.
MİHİ RK-nın xidmət əhatəsində olan əksər şəhər və rayon komitələri, ilk təşkilatların HİK sədrlərinin və fəallarının qatıldığı tədbirdə digər çıxışlar da dinlənilib.