MƏDƏNİYYƏT
Mədəniyyət Nazirliyi: Qarabağdakı tarixi abidələr erməni vandalizminin qurbanına çevrilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarındakı tarixi mədəniyyət abidələrinin dağıdılması ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:
“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib”.