MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyi Vətən müharibəsindəki tarixi Zəfərə ithaf olunmuş ədəbi müsabiqə elan edib

Bakı, 21 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyi Vətən müharibəsindəki tarixi Zəfərə ithaf olunan ədəbi müsabiqə elan edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycanın hərb salnaməsinə və dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış “Dəmir yumruq” əməliyyatı nəticəsində qazanılmış şanlı Qələbənin gələcək nəsillər üçün bədii mətnlər vasitəsilə əbədiləşdirilməsi, Vətən müharibəsindəki böyük Zəfərin bədiiləşdirilməsi və İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının obrazlaşdırılması, habelə dünya ictimaiyyətini ədəbi əsərlər vasitəsilə bu mövzuda məlumatlandırmaqdan ibarətdir.

Əsərlərdə Vətən müharibəsinin təsviri, 44 gün ərzində hərb meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşanan proseslərin əks etdirilməsi arzuolunandır.

Müsabiqə 3 ədəbi janr – roman, dram və mənzum hekayə janrları üzrə keçirilir.

Müsabiqədə yalnız peşəkar yaradıcı şəxslər (tanınmış imza sahibləri) iştirak edə bilərlər. Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Əsərlər Azərbaycan Respublikasının dövlət dilində yazılmalıdır. Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur. Əsərlərdə tarixi faktlar təhrif olunmamalıdır. Əsərlərin həcminə dair məhdudiyyət yoxdur. Hər ədəbi janr üzrə bir qalib elan olunacaq. Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail), hansı ədəbi janr üzrə iştirakçı olduğunu qeyd etməlidir. Əsərin mətni üçün tələblər - şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, MS Word faylı

Müsabiqənin roman janrı üzrə qalibi 10 000 min manat pul mükafatı və Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq.

Dram janrı üzrə qalib 5 000 manat pul mükafatı və müsabiqənin fəxri diplomu ilə təltif ediləcək. Həmçinin mənzum hekayə janrı üzrə qalib isə 5 000 manat pul mükafatı və nazirliyin fəxri fərmanı ilə təltif olunacaq.

Qalib roman 1000 tirajla çap olunacaq və ingilis dilinə tərcümə ediləcək. Eyni zamanda, nəşrin 300 nüsxəsi müəllifə hədiyyə ediləcək və hədiyyə nüsxələrin respublika üzrə satışı təşkil ediləcək. Qalib dram əsərinin tamaşası hazırlanacaq və nümayiş etdiriləcək. Ən yaxşı mənzum hekayələr toplu şəklində çap olunacaq. Müsabiqəyə təqdim olunan bütün əsərlər və müəlliflər şifrələnəcək. Əsərlərin qiymətləndirilməsi iki mərhələdən keçəcək.

Əsərlər Ekspertlər Şurası və Komissiya üzvləri tərəfindən oxunacaq, onların mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılacaq.

Ekspertlər Şurası tərəfindən ən yaxşı əsərlərin qısa siyahısı tərtib olunub Komissiyaya təqdim ediləcək.

Ekspertlərin müəyyən edəcəyi qısa siyahı Komissiyaya təqdim olunmaqla yanaşı, ictimai müzakirəyə çıxarılacaq. Hər janr üzrə qısa siyahı 5 əsərdən ibarət olacaq.

Müsabiqəyə romanların qəbulu 30 dekabrda, dram əsərlərinin qəbulu 30 noyabrda və mənzum hekayələrin qəbulu isə 30 oktyabrda başa çatacaq.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər Ekspertlər Şurası tərəfindən qəbul edilməyəcək.

İştirakçılar tərəfindən əsərlər e-mail: [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Qeyd: Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla çapı və yayımını, onların əsasında filmin çəkilməsini və tamaşanın hazırlanmasını həyata keçirə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.