REGİONLAR
Mədəniyyət Nazirliyinin əməkdaşları tələbələrlə görüşüblər
Naxçıvan, 22 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Naxçıvan Müəllimlər İnstitutunda nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrində Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva çıxış edərək Ali Məclis Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb. O, sərəncamın muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, bu sahədəki çətinlikləri aradan qaldırmaq, tələbələrə elmi-nəzəri və təcrübi biliklər aşılamaq, onların gələcək iş yerlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Vurğulanıb ki, sərəncama əsasən Mədəniyyət Nazirliyi 21 ixtisasa hamilik edir. Bunların içərisində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin Kitabxanaçılıq və informasiya ixtisasları da var. 2019-2020-ci tədris ilində sərəncamın icrası ilə bağlı adıçəkilən ixtisaslar üzrə təhsil alan tələbələrlə 5 açıq dərs, 4 kitab müzakirəsi keçirilib. Həmçinin tələbələrin nazirliyin tabeliyində olan kitabxanalarda təcrübə keçməsi təmin olunub, 2020-2021-ci tədris ilində Naxçıvan Dövlət Universitetində kitab müzakirəsi, Naxçıvan Musiqi Kollecinin tələbələrinə açıq dərs keçilib.
Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Fariz Əhmədov və Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanasının direktoru Şəfaət Sadiqova çıxış ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.