MƏDƏNİYYƏT


“Mədəniyyət biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə təşkil edilib

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Mədəniyyət biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair müzakirələr aparılıb.

Nazirliklərin, qeyri-hökumət təşkilatlarının, müvafiq sahədə fəaliyyət göstərən sahibkarların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən forumu KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov açıq elan edərək iştirakçıları salamlayıb. Bildirib ki, bu günə kimi sahibkarlar üçün təşkil edilən artıq 8-ci forum öz işinə başlayır və ilk dəfədir mədəniyyət sahəsinə həsr olunub.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yaradıcı və mədəniyyət sənayesi ilə bağlı fikirlərini bölüşüb. Nazir bu sahədə görülən işlərdən danışaraq kreativ sənaye ilə bağlı forumun keçirilməsini, internet səhifəsinin və müxtəlif assosiasiyaların yaradılmasını yüksək qiymətləndirib: “Çox sevindirici haldır ki, bu gün biz kiçik və orta biznes nümayəndələri ilə belə bir forumun keçirilməsinə nail oluruq. Azərbaycanda yeni strateji istiqamətlərdən biri olan yaradıcılıq sənayenin formalaşması prioritet məsələdir və bununla əlaqədar Mədəniyyət Nazirliyi digər nazirliklərə birlikdə müxtəlif layihələr həyata keçirir. Bu gün KOBİA ilə birgə keçirilən bu forum yaradıcı sənayenin məqsədləri nədən ibarətdir sualına cavab verməyə imkan yaradacaq”.

Nazir deyib ki, yaradıcı sənaye anlayışı cəmiyyətimizdə son illərə qədər mücərrəd mahiyyət daşıyırdı: “Bu sahədə heç kim dərindən düşünərək addım atmaq fikrində deyildi. Yaradıcı sənayenin rolu, onun inkişafı barədə düşünənlər də az idi. İnsanlar öz fəaliyyətlərini pərakəndə şəkildə davam etdirirdilər. Mən bu günlərdə “Creativ England” təşkilatının rəhbəri ilə görüşdüm. Müzakirələrimiz zamanı biz Azərbaycanda bu sahə ilə bağlı mənzərəni izah etdik və bildirdik ki, Azərbaycan xalqı öz tarixi boyunca yaradıcı xalq kimi qəbul edilib. Buna ən gözəl misal UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Qobustandır. Azərbaycandan UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan faylların sayı digər ölkələrə nisbətdə daha çoxdur. Bu işdə dövlətin, xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etməliyik. Onun UNESCO-nun xoşməramlı səfiri kimi təşkilatda Azərbaycanın mövqelərinin möhkəmlənməsi istiqamətində gördüyü böyük işləri mütləq qeyd etməliyik”.

Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanın xalqının əsrlər boyu xalçaçılıqdan tutmuş, bayram mərasimləri, xalq yaradıcılığının müxtəlif istiqamətləri üzrə bacarıqları dövrümüzə qədər gəlib çatıb. UNESCO ilə əlaqələr və təbliğat işləri də məhz bu yaradıcılıq mirası üzərində qurulub. Bu gün UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”ndə Bakı və Şəki şəhərlərimiz təmsil olunur. Bu da Azərbaycanın apardığı uğurlu xarici mədəni siyasətin nəticəsidir: “Ona görə də yaradıcılıq sənayesi sahəsində bu sahənin insanların vahid strateji bir mərkəzdə birləşməsi vacib məsələdir. Biz bir il öncə bu sahədə portal yarada bildik və ötən müddətdə böyük addımlar atmağa nail olduq. Bütün yaradıcı insanları bu portala daxil olub orada qeydiyyatdan keçməyə dəvət edirəm. Bu portal mədəni sənayenin ideyasını formalaşdıran bir mənbədir. Hər bir yaradıcı şəxsin bu portala daxil olması istər-istəməz digər yaradıcı insanlarla mübadilə etməsinə geniş imkanlar yaradır. Sevinirəm ki, bu portaldan istifadə edənlərin sayı günü-gündən çoxalır. Biz artıq ilk dəfə olaraq ötən ilin dekabr ayında Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (kreativ.az) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda Nazirlər panelini təşkil etdik. Hər bir qurumun bu işdə mövqeyinin müəyyənləşdirilməsi haqqında ciddi məsələləri müzakirə etdik. Bu sahədə artıq bir neçə müsabiqə elan edilib, bir neçə assosiasiya yaradılıb. Dizayn mükafatı, Bakının loqosu ilə bağlı müsabiqə və s. işləri həyata keçirməyə başlamışıq”.

Nazir mart ayında bu istiqamətdə növbəti toplantının nəzərdə tutulduğunu diqqətə çatdırdı: “Biz Mədəniyyət Nazirliyi olaraq bu sahənin mədəniyyətə aid olan bütün sahələrinə dəstək verməyə hazırıq. KOBİA yaradıcı sənaye biznesinin hüquqi bazasının yaradılmasına yardımçı ola bilər. Bu mühitin formalaşdırılması üçün lazımi şərait yaratmaq tək dövlətin işi deyil, bütünlükdə biznes strukturlarının da dəstək olacağı bir işdir. Yaradıcı mühitin yaradılması əsas məsələlərdən biridir. Bunun üçün uyğun məkanlar, kreativ adalar anlayışı formalaşmalıdır. Biznes yaradıcı gənclərin inkişafına təkan verməlidir. Uşaqlara kreativ düşüncə aşılamalıyıq. Bu iş ictimai hərəkata çevrilməlidir. Biz bu il Prezidentin elan etdiyi “Könüllülər ili” ilə əlaqədar “Kreativ gənclər” hərəkatını genişləndirməliyik. Yaxın vaxtlarda bu yaradıcı gənclərlə işlərə başlanılacaq”.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma kimi müvafiq sektorun Azərbaycan iqtisadiyyatında dəyər yaratma potensialının geniş olduğunu bildirdi.

Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə nazirlik tərəfindən hazırlanmış www.creative.az saytına dair təqdimatla çıxış etdi. Şöbə müdiri bildirdi ki, portalın yaradılmasında məqsəd həm də Azərbaycanın yaradıcılıq məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviqidir.

Tədbir iştirakçıların müraciət və təkliflərinin dinlənilməsi və müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.