MƏDƏNİYYƏT


Mədəniyyət evlərində təşkil olunan dərnəklər arasında keçirilən müsabiqənin qalibləri məlum olub

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Nizami Kino Mərkəzində “Mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların biçmə-tikmə dərnəkləri üzrə müsabiqə”sinin final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi-Metodiki Mərkəzin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, respublikada ilk dəfə keçirilən müsabiqə mədəniyyət ocaqlarında fəaliyyət göstərən dərnəklərin inkişaf etdirilməsi, dərnəklər arasında təcrübə mübadiləsinin təşkili, istedadlı gənclərin aşkara çıxarılması baxımından xüsusilə təqdirəlayiqdir.

Tədbirdə Milli Geyim Mərkəzinin direktoru Gülnarə Xəlilova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Sevil Əliyeva və digər çıxış edənlər müsabiqənin mədəniyyət evlərində təşkil olunan dərkəklərin populyarlaşması, onların sosial imicinin artırılması, fəaliyyətinin stimullaşdırılması və onlara qarşı ictimai diqqətin yüksəldilməsi məqsədi daşıdığını bildiriblər.

Tədbirdə Bakıdakı mədəniyyət evlərinin üzvlərinin əl işlərindən ibarət rəngarəng sərgisi və özfəaliyyət kollektivlərinin bir-birini əvəz edən maraqlı kompozisiyaları xoş ovqat yaradıb. Azərbaycan xalq mahnı və rəqsləri, kiçik səhnəciklər maraqla qarşılanıb. Zövqlə işlənilmiş biçmə-tikmə məhsulları, keramika, rəssamlıq nümunələri və digər məhsullar izləyicilərdə xoş təəssürat oyadıb.

Sonda müsabiqənin ev tapşırığı olan 3 rəngli bayraq mövzusunda geyim nümunələri nümayiş olunub. Münsiflər heyətinin rəyi ilə geyimlər çeşidinə görə müvafiq ballarla dəyərləndirilib və sonda müsabiqənin qalibləri elan olunub.

Münsiflər heyətinin qərarı ilə 3 mərhələdə I, II, III yerlərin qalibləri müəyyən edilib. Sonuncu üçüncü mərhələdə birinci yerə Binə qəsəbə Mədəniyyət evi, ikinci yerə Səttar Bəhlulzadə adına Mədəniyyət evi, üçüncü yerə isə Binəqədi Mədəniyyət evi layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.