REGİONLAR


Mədəniyyət işçisinin müasir peşə səriştələrinin artırılması Zaqatalada keçirilən seminarın əsas müzakirə mövzusu olub

Zaqatala, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Dekabrın 3-də Zaqatala rayonunun Yeni Suvagil kənd mədəniyyət evində “Mədəniyyət işçisinin müasir peşə səriştələri” adlı beynəlxalq təlim-seminar keçirilib. Seminarda mədəniyyət işçiləri arasında təşəbbüskarlıq və yaradıcı keyfiyyətlərin inkişafı, əhalinin mədəniyyət müəssisələrinə marağının artırılması, kitab oxuma vərdişlərinin, yeni peşə səriştələrinin formalaşdırılması, mədəniyyət ocaqlarının rayonların sosial-iqtisadi inkişafında rolu ilə bağlı məsələlər müzakirə olunub.

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən seminarda nazirliyin və Elmi-Metodiki Mərkəzin rəsmiləri, həmçinin Belarusun Mogilyov vilayətindən gəlmiş mütəxəssislər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belaruslu qonaqlar əvvəlcə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Sonra qonaqlar Yeni Suvagil kəndinə gedərək, mədəniyyət evinin qarşısında özfəaliyyət kollektivlərinin hazırladığı konsert proqramını izləyib, foyedə təşkil edilən sərgi ilə tanış olublar.

Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Xatirə Səlimli çıxış edərək qonaqları salamlayıb, seminarın işinə uğurlar arzulayıb.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Mogilyov vilayətinin Xalq yaradıcılığı və mədəni-maarif işi üzrə metodiki mərkəzinin direktoru Oleq Xmelkov və şöbə müdiri Valentina Volskova mövzu ilə bağlı çıxışlar ediblər.

Diskussiya şəraitində davam edən seminarın sonunda Mədəniyyət Nazirliyinin rəsmiləri və belaruslu qonaqlar tədbir iştirakçılarının suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.