MƏDƏNİYYƏT
Mədəniyyət müəssisələrinin xalq yaradıcılığı sahəsindəki fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib
Bakı, 16 aprel, AZƏRTAC
“Azərbaycan Xalq Yaradıcılığının 2019-cu 2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı”na, Mədəniyyət Nazirliyinin birinci yarımil üçün İş Planına müvafiq olaraq Tovuz rayon Heydər Əliyev Mərkəzində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrin xalq yaradıcılığı sahəsindəki fəaliyyətinə həsr edilmiş müşavirə keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müşavirədə nazirliyin xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları, habelə Tovuz, Qazax və Ağstafa rayonlarının mədəniyyət mərkəzlərinin və digər klub müəssisələrinin və həmin müəssisələrdə fəaliyyət göstərən xalq yaradıcılığı dərnəklərinin rəhbərləri iştirak edib.
Əvvəlcə adıçəkilən rayonlarda xalq yaradıcılığının inkişafı, qorunması, infrastrukturunun cari vəziyyəti, görülməkdə olan və planlaşdırılan işlər barədə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirovun hesabatı dinlənilib. O, regionda xalq yaradıcılığının inkişafına göstərilən dəstək, gənc nəslə milli adət-ənənələrimizin, folklor yaddaşının aşılanması, habelə qədim sənət növlərinin öyrədilməsi üçün mədəniyyət mərkəzləri, evləri və klublarının fəaliyyəti, potensial və perspektivləri barədə məlumat verib.
Qeyd edilib ki, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənəti regionda böyük tarixi inkişaf yolu keçmiş və hazırda əhalinin böyük maraq dairəsində olan sənət növüdür. Hazırda bir neçə klub müəssisəsi folklor istiqamətində profilləşdirilmiş və bu müəssisələrdə aşıq sənətinin qeyri-formal təhsil şəklində dərnəklər, birliklər vasitəsilə tədrisinə xüsusi önəm verilir. Bildirilib ki, regionda olan 124 klub müəssisəsində 113 dərnək vardır ki, bu kollektivlərdə ümumilikdə 1000 nəfərədək həvəskar yaradıcı şəxslər asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, öz istedad və bacarıqlarını nümayiş etdirir, mədəniyyətin müxtəlif sahələri ilə yaxından tanış olurlar. Bundan başqa, 20 bədii özfəaliyyət və iki xalq kollektivinin fəaliyyəti, onların respublika və region səviyyəli tədbirlərdə fəal iştirakı vurğulanıb.
Müşavirədə nazirliyin xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Vüqar Məmmədov və şöbənin əməkdaşı Elgün Əliyevin qeyri-maddi mədəni irsimizin qorunması, xalq yaradıcılığının inkişafı məqsədilə nəzərdə tutulan tədbirlər, bu sahədə müəssisələrin üzərinə düşən öhdəliklər barədə məruzələri dinlənilib. Kütləvi-mədəni tədbirlərin təşkili zamanı müasir üsullardan, mədəniyyətin maarifləndirmə və təbliğat funksiyasından daha səmərəli istifadəsi barədə müvafiq tövsiyələr verilib.
Sonra aparıcı klub müəssisələrinin, dərnək və birliklərin rəhbərləri görülmüş işlər barədə danışıblar.