MƏDƏNİYYƏT


“Mədəniyyət naminə sülh” qlobal kampaniyası çərçivəsində onlayn görüş

Bakı, 17 iyul, AZƏRTAC

“Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası çərçivəsində onlayn görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə, Böyük Britaniyanın Koventri Universitetində Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun qurucusu və rəhbəri professor Mayk Hardi, Avstraliyanın Mədəni İnfuziya və Müxtəliflik Atlasının təsisçisi Peter Musaferaidis, HOPE təşkilatının qurucusu Xavyer Qonzalez, həmçinin digər şəxslər iştirak ediblər.

Görüşdə V.Eyvazzadə “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının əsas hədəfləri, “Bakı Prosesi”, Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Qlobal Forumu mövzusunda danışıb. Qeyd edib ki, Azərbaycan tərəfinin məqsədi regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, xalqlar və mədəniyyətlər arasında uğurlu dialoq və etimadın qurulması, birgə yaşamaq və bir-birinə hörmət mədəniyyətini daha da inkişaf etdirərək, milli və beynəlxalq səviyyəli davamlı tərəqqiyə nail olmaqdan ibarətdir.

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlara geri dönəcək məcburi köçkünlərin yeni həyat şəraitinə uyğunlaşması, mədəniyyət və yaradıcılıq qabiliyyətlərinin artırılması, yaradıcı peşə və layihələrin inkişaf etdirilməsi yolunda fəaliyyət davam etdiriləcək.

Daha sonra HOPE təşkilatının rəhbəri təşkilatın missiya və vəzifələri barədə təqdimat edib.

X.Qonzalez miqrant və qaçqınların təhsil, peşə vərdişlərinin formalaşdırılması haqda bir sıra vacib məsələlərdən və layihələrdən bəhs edib.

Eyni zamanda Maykl Valmsley dini, mədəni və irsi müxtəliflik sahəsində qlobal məsələləri özündə birləşdirən qlobal müxtəliflik atlasının istiqamətləri barədə ətraflı məlumat verib.

Professor Mayk Hardi son 8 ildə Azərbaycan tərəfin məsləhətçisi olduğunu vurğulayıb. “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının, “Bakı Prosesi” eyni zamanda yuxarıda sadalanan bütün mühüm layihələrin uğurla davam etdiriləcəyini bildirib.

Görüşün sonunda müzakirə olunan təşəbbüs və layihələr istiqamətində birgə yol xəritəsinin hazırlanması barədə razılığa gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.