MƏDƏNİYYƏT


Mədəniyyət naziri Cəlilabadda vətəndaşlarla görüşüb

Bakı, 30 noyabr, AZƏRTAC

Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 30-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhərindən, Cəlilabad, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidə önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış oldu, tapşırıq və tövsiyələrini verib.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Lənkəran şəhərindən qəbula yazılan sakinlər Bəlləbur kəndində yerləşən “Bəlləbur” qalasında arxeoloji işlərin aparılması, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Cəlilabad sakinlərinin müraciətləri Göytəpə şəhərində yerləşən kilsənin təmir-bərpa olunması, Təzəkənd klubunun mədəniyyət evinə çevrilməsi, işlə təmin olunma barədə idi.

Astaradan qəbula gələn vətəndaşlar rayonun Tarix-Diyarşünaslıq Muzeyinin bəzi eksponatlarının bərpa olunması, Mərkəzləşdirilmiş kitabxana sisteminin 80 illik yubileyinin qeyd olunmasına köməklik edilməsi barədə müraciət ediblər.

Lerik və Masallı rayonlarından qəbula gələnlər ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin əməkdaşlarının iş təcrübəsinin qarşılıqlı şəkildə öyrənilməsi məqsədilə mübadilə səfərlərinin təşkili, bölgələr üzrə milli geyim festivalının keçirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıblar.

Bundan əlavə, Yardımlı rayonunun kənd kitabxanalarının yerli yazarların əsərləri və diyarşünaslıq materialları ilə təmin olunması, respublika kitabxanalarının fəaliyyətini əks etdirən illik məlumat bülletenlərinin nəşr olunması barədə də nazirə müraciət edilib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.