MƏDƏNİYYƏT


Mədəniyyət naziri “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyevlə görüşüb

Bakı, 2 avqust, AZƏRTAC

Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin 2021-ci il üzrə qaliblərindən biri olan Fərrux Əliyevlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki tərəf arasında müsabiqənin mentorluq proqramına dair fikir mübadiləsi aparılıb, bu günə qədər həyata keçirilən görüşlərin müsabiqə qaliblərinin inkişafına verdiyi töhfədən danışılıb, proqram çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr müzakirə olunub.

Anar Kərimov və qalib, həmçinin nazirliyin innovasiya strategiyasının formalaşdırılması üzərində aparılan işləri də müzakirə ediblər. Qeyd olunub ki, bu strategiyanın əsas məqsədi nazirliyi bir struktur kimi daha innovativ etmək, nazirlik əməkdaşlarının iş mühitinə yeniliklər gətirməkdir.

Eyni zamanda, görüşdə dövlət qurumlarında işlərin xüsusiyyətləri, proseslər, üstünlük və çətinlikləri, özəl sektordan fərqli olan cəhətləri müzakirə olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaradıcı sənayelərin inkişafı istiqamətində bundan sonra görüləcək işlər də müzakirə edilib.

Sonda hər iki tərəf mentorluq proqramının bitməsinə baxmayaraq əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.