MƏDƏNİYYƏT


Mədəniyyət naziri gənc kinematoqrafçılarla görüşüb

Bakı, 5 dekabr, AZƏRTAC

Mədəniyyət naziri Anar Kərimov Nizami Kino Mərkəzində gənc kinematoqrafçılarla görüşüb. Görüşdə Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və kinorejissor, Əməkdar incəsənət xadimi Elçin Musaoğlu da iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Anar Kərimov çıxış edərək mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb. Mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və cəmiyyətin inkişafına yönəlmiş infrastrukturun qurulmasında yaradıcı gənclərin də dəstəyinə ehtiyac duyulduğunu bildirib.

Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsinin təsdiq edildiyini söyləyən Anar Kərimov qurumun ölkəmizdə kino sənayesinin inkişafına təkan verəcəyini vurğulayıb.

Kino sahəsinin inkişaf etdirilməsi üçün Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin, festivalların vacibliyini diqqətə çatdıran nazir gənc kino xadimlərini bu prosesdə aktiv iştirak etməyə səsləyib.

Görüşdə gənclərin fikirləri dinlənilib. Gənc kino sənətçiləri Azərbaycan kinosunun bugünkü vəziyyəti barədə fikirlərini bölüşüblər. Gənclər milli kinonun inkişaf etməsi, beynəlxalq arenaya çıxarılması və yeni ideyalara açıq olması barədə arzu və təkliflərini diqqətə çatdırıblar.

Görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.