ELM VƏ TƏHSİL


“Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Şuşa İli” çərçivəsində “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XV beynəlxalq elmi konfransı təşkil edilib.

Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, “Şuşa, sən azadsan!” devizi ilə keçirilən konfrans onlayn formatda təşkil edilib. Tədbiri ADMİU-nun prorektoru dosent Sədaqət Əliyeva açaraq rektor Ceyran Mahmudovanın salamlarını konfrans iştirakçılarına çatdırıb. O, rektorun və rəhbərliyin adından gənc tədqiqatçılara uğurlar arzulayıb. S.Əliyeva qeyd edib ki, mədəniyyət xalqın mənəviyyatını təyin edən amillərdən biridir. Buna görə də bu sahədə gənc tədqiqatçıların araşdırmalarının böyük rolu var. Həmçinin prorektor xalqımızın Vətən müharibəsində qazandığı şanlı Qələbədən söz açıb, Şuşanın azadlığının dövlətimiz, xalqımız və bütün türk dünyası üçün önəmindən danışıb.

S.Əliyeva. eyni zamanda, elmi konfransa Qazaxıstan, İran, Türkiyə və başqa ölkələrdən, eləcə də müxtəlif yerli ali təhsil ocaqlarının gənc doktorant və dissertantları tərəfindən çox sayda məqalə daxil olduğunu, bu məqalələrin hər birinin həmin sahənin mütəxəssisləri tərəfindən diqqətlə oxunduğunu, redaktə edildiyini və nəticədə qəbul edilən məqalələrin bölmə iclaslarında təqdim olunacağını bildirib.

AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev Şuşanın tarixi və xalqımız üçün əhəmiyyətindən danışıb.

BDU-nun professoru, İctimai elmlər kafedrasının müdiri Qabil Əliyev də keçirilən konfransın önəmindən danışıb və Şuşanın tarixinin, mədəniyyətinin, maddi-mənəvi sərvətlərinin gənc tədqiqatçılar tərəfindən araşdırılmasının vacib olduğunu vurğulayıb.

Dublin Universitetinin doktorantı Baha Əhməd Yılmaz, Ukraynadan qatılan professor, sosial kommunikasiyalar üzrə elmlər doktoru Anastasiia Bessarab, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Eteri Cəfərova və başqaları müxtəlif sahələrdə məruzələrlə çıxış ediblər.

Sonra konfrans bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında doktorant və gənc tədqiqatçıların məruzələri sədr, həmsədr və digər mütəxəssislər tərəfindən dinlənilib, suallar cavablandırılıb və iştirakçıların məruzələri qənaətbəxş hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.