MƏDƏNİYYƏT
Mədəniyyət sahəsində çalışan bir qrup əməkdaşa Vikipediya üzrə təlimlər keçirilir
Bakı, 7 iyul, AZƏRTAC
“İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə mədəniyyət sahəsi üzrə fəaliyyət göstərən bir sıra müəssisələrin əməkdaşları üçün Vikipediyaya dair təlimlər keçirilir.
AZƏRTAC xəbər verir ki, təlimlərin əsas məqsədi Vikipediyanın Azərbaycan bölməsində ölkəmizlə bağlı yaradılmış məqalələrin təhlil edilməsi, təhrif olunmuş məlumatların müəyyən edilməsi, dezinformasiyaların adekvat redaktəsi yönündə tədbirlərin görülməsi, aktual mövzulara, tarixi faktlara, hadisələrə və milli-mədəni irsimizə dair tarixi və elmi mənbələrə istinad edilən yeni informativ məqalələr toplusunun yaradılmasına dəstək göstərməkdir.
Təlimlər Vikipediya Açıq Ensiklopediyası üzrə peşəkar mütəxəssislər tərəfindən hazırlanmış GLAM (GLAM - Galleries, Libraries, Archives, and Museums) şəbəkəsinə daxil olan müəssisələrin hər biri üçün xüsusi təlim proqramı əsasında təşkil olunur.
Eyni zamanda, İctimai Birlik tərəfindən təlim çərçivəsində keçirilən müsabiqədə qalib gələn iştirakçılar mükafatlandırılacaqlar. Təlimlərdə iştirak edən müəssisələrin mütəxəssisləri arasında müsabiqənin keçirilməsi onların vikipediyada fəaliyyətinə stimul verəcək və iştirakçılar arasında müəyyən rəqabət yaradacaq.