MƏDƏNİYYƏT


“Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu”nun növbəti Assambleyası Xorvatiyada keçirilir

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Avropa Şurasının ən uğurlu layihələrindən hesab olunan, o cümlədən UNESCO konvensiyalarının monitorinqini aparan “Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin həyata keçirilməsində fəal iştirak edir və mütəmadi olaraq hazırladığı Milli Məruzə müvafiq veb-portalda (http://www.culturalpolicies.net/web/index.php) yerləşdirilir. Qırx iki Avropa ölkəsinin iştirak etdiyi Kompendium layihəsi çərçivəsində milli məruzələr əsasən aşağıdakı istiqamətlər üzrə hazırlanır: Tarixi perspektivlər, mədəniyyət siyasəti və onun alətləri; Mədəniyyət siyasətinin ümumi məqsəd və prinsipləri; Səlahiyyət, qərarvermə və idarəetmə; Mədəniyyət siyasətinin cari məsələləri, inkişaf və müzakirələr;

Mədəniyyət sahəsinin əsas hüquqi təminatları; Mədəniyyətin maliyyələşdirilməsi; Mədəniyyət infrastrukturunda dövlət müəssisələri; Yaradıcılığın və iştirakın təşviqi və s.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 20 ildir davam etdirilən və artıq Assosiasiya formatında fəaliyyət göstərən Kompendium layihəsinin növbəti Assambleyası Xorvatiyanın Riyeka şəhərində təşkil olunub. Sözügedən görüşdə ölkəmizi təqdimatları keçiriləcək Kompendium layihəsinin yeni idarəetmə sistemi və strukturunun müzakirə edilməsi məqsədilə Kompendium layihəsi üzrə Azərbaycanın milli müəllifi, nazirliyin sektor müdiri Yaşar Hüseynli təmsil edir.

Assambleya işini oktyabrın 11-dək davam etdirəcək.

Qeyd edək ki, 2008-ci ilin dekabrında Bakı şəhərində "Avropada Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu” layihəsinin 10 illik yubileyinə həsr olunmuş Avropa Şurasına üzv dövlətlərin milli müəlliflərinin iclası təşkil edilmişdir. Beynəlxalq layihənin nəticələri “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda nəzərə alınmış, nazirlik tərəfindən həyata keçirilən “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması”, “Xalq yaradıcılığı paytaxtları”, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” və bu kimi digər innovativ proqram və layihələrin hazırlanmasında və həyata keçirilməsində geniş istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.