MƏDƏNİYYƏT


Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi onlayn müzakirələrini davam etdirir

Bakı, 7 avqust, AZƏRTAC 

Avqustun 7-də Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə regionda çalışan 90-dan çox gənc mədəniyyət könüllülərinin və “Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu”nun üzvlərinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev ilə görüş təşkil olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan mərkəzin elmi katibi Cavid Əliyev təmsil etdiyi qurum tərəfindən keçirilən reqemsal mədəni-kütləvi tədbirlərdə, təlimlərdə, konfranslarda, təqdimatlarda, eləcə də digər maarifləndirici tədbirlərdə gənc mədəniyyət işçiləri və tələbələr könüllülərin fəal iştirakından danışıb. Qeyd edib ki, görüşün təşkilində əsas məqsəd pandemiya dövründə mədəniyyət və incəsənət sahələrində çalışanlar arasında könüllülük fəaliyyətinin inkişafı, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir.

Debat şəklində keçirilmiş görüşün təşəbbüskarı olan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, habelə rayonun mədəniyyət könüllülərinin həyata keçirdiyi tədbirlər və digər təşəbbüslər barədə ətraflı məlumat verib.

Konkret müəssisələr üzrə görülə biləcək birgə layihələr ətrafında aparılan müzakirələr çərçivəsində Heydər Əliyev mərkəzləri, muzeylər, kitabxanalar və mədəniyyət mərkəzləri kimi müəssisələrin fəaliyyətinin müasirləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Gəncləri mədəniyyət müəssisələrinə cəlb etməklə mədəniyyət sahəsinin aktuallığının artmasına nail olmağın mümkün olduğunu bildirən iştirakçılar mövcud istiqamətdə planlı şəkildə layihələrin reallaşdırılması zəruriyyətini də səsləndirib.

Xüsusi olaraq müzakirə olunan mövzular sırasında müasir mədəni xidmətlər, mədəniyyət müəssisələrin sosial imici, mədəniyyət siyasətinin prioritetləri, müasir gənclər və bizim mədəniyyət, mədəniyyət sahəsi üzrə beynəlxalq tendensiyalar və s. mövzular yer tutub. Bu cür mövzular ətrafında regionlarda çalışan mədəniyyət işçiləri ilə birgə açıq müzakirələrin aparılmasının önəmliyini bildirən mərkəzin direktoru Asif Usubəliyev qeyd etdi ki, məhz bu cür açıq təşəbbüslərə hər zaman açıqdır. Ölkə rəhbərliyinin sözügedən təşəbbüslərinin vətəndaşlarımızın, xüsusilə də gənclərimizin fərdi inkişafına xidmət etdiyini vurğulayaraq A.Usubəliyev bildirib ki, könüllülük fəaliyyəti peşəkarlığın qapılarını açan yoldur.

Daha sonra Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupunun üzvləri tərəfindən maraqlı fikirlər səsləndirlmiş və canlı müzakirələr davam etdirilib. Öz növbəsində çıxış edən Ağstafa rayonunun mədəniyyət könüllüləri sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, keçən il mərkəzin sayəsində könüllülər sırasına Lənkəran Dövlət Universitətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Xoreografiya Akademiyasının və Bakı Humanitar kollecinin tələbələri də qoşulublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.