ELM VƏ TƏHSİL
Mədəniyyət və İncəsənət Universitetində “Bahar” rəsm sərgisi açılıb
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rəssamlıq fakültəsinin müəllimlərinin əl işlərindən ibarət ənənəvi “Bahar” sərgisi açılıb. Sərgi Novruz bayramına və yaz fəslinin gəlişinə həsr olunub.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Tədbirin açılış mərasimində çıxış edən ADMİU-nun prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva sərginin önəmindən danışıb: “Bütün fəsillər kimi yaz fəslinin də özünəməxsus gözəlliyi, şuxluğu var. Yaz təbiətin oyanışı, torpağın bərəkətləndiyi aydır. Novruz bayramı ərəfəsində Rəssamlıq fakültəsinin müəllimlərinin çəkdiyi bu gözəl rəsmlər onların yaradıcılıq şövqündən xəbər verir. Bu gün tələbələr öz müəllimlərinin əl işlərinə baxırlar, ümid edirik ki, gələcəkdə bu mövzuda tələbələrimizin də sərgisini keçirəcəyik”.
Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva çıxış edərək yaradılan şərait üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib. Daha sonra ADMİU-nun prorektorları Nigar Rüstəmova, Gülşən Əliyeva-Kəngərli, universitetin rektorunun müşaviri Sevil Kərimova, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri dosent Aslan Xəlilov və başqaları çıxış edərək “Bahar” sərgisində nümayiş olunan əsərlərdən danışıb, müəllifləri təbrik ediblər.
Sonda iştirakçılar sərgi ilə tanış olublar.