ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetində Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor, professor Ceyran Mahmudova Milli Musiqi Gününün qeyd olunmasının əhəmiyyətindən və Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətində yerindən danışıb.

Rektor Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğunu, onun müxtəlif janrlarda ölməz əsərlər yaratdığını söyləyib. Bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan xalq musiqisini nota salaraq elmi əsaslarla tədqiq edib və milli musiqimizi dünya səviyyəsinə çatdırıb. Dahi bəstəkar “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Üzeyir Hacıbəylinin zəngin və çoxşaxəli yaradıcılığa malik mədəni irsi Azərbaycan xalqı və dövləti tərəfindən həmişə yüksək qiymətləndirlib.

Ceyran Mahmudova Üzeyir Hacıbəyliyə layiqli qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, 1975-ci ildə bəstəkarın ev-muzeyinin açıldığını, doğum gününün – sentyabrın 18-nin ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı müvafiq Sərəncam imzaladığını söyləyib.

Musiqi sənəti fakültəsinin müəllimləri Xalq artisti, professor Zamiq Əliyev və dosent Kamilə Dadaşzadə çıxış edərək Milli Musiqi Günündən, dünya şöhrətli bəstəkarın çoxşaxəli fəaliyyətindən, sanballı ədəbi irsindən, musiqi sənətimizə gətirdiyi yeniliklərdən danışıblar.

Sonra maraqlı konsert proqramı təqdim olunub. Bədii hissə Mustafa Aşurovun rəhbəri olduğu ADMİU-nun Xalq Çalğı Alətləri Orkestrinin kiçik tərkibininin təqdim etdiyi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” və “Cəngi” ilə başlayıb. Konsertdə unudulmaz bəstəkarın yaradıcılığından nümunələr səsləndirilib.

Daha sonra VII Muğam Televiziya Müsabiqəsinin laueratı Rəvan Qaçayev, Xasay Şıxıyev, Jalə Quliyeva, Aytac Fərəcova və Mobil Atakişiyevin ifasında Üzeyir Hacıbəylinin “Çırpınırdı qara dəniz”, Ələkbər Tağıyevin “Qal, sənə qurban”, Emin Sabitoğlunun “Suita” musiqiləri səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.