ELM VƏ TƏHSİL
Mədəniyyət və İncəsənət Universitetində “Qırx dörd” filmi nümayiş olunub
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Zəfər Gününə həsr edilmiş növbəti tədbir bu ali təhsil müəssisəsinin məzunu şəhid Fəqan Məmmədovun və onun timsalında bütün şəhidlərimizin xatirəsinə həsr edilib.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə şəhid Fəqan Məmmədovun ailəsi, ADMİU-nun rəhbərliyi, tələbələr, professor-müəllim heyəti və media nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Əməkdar incəsənət xadimi, ADMİU-nun professoru Əli Əmirli qeyd edib ki, şəhid məzunumuza və gənc yaşda həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda fəda etmiş oğullarımızın xatirəsinə həsr olunmuş film ADMİU rektorunun təklifi ilə universitetin tələbələri tərəfindən hazırlanıb.
Ə.Əmirli filmin yaradıcı heyətini təqdim edib. Bildirib ki, “Qırx dörd” filminin ssenari müəllifləri Əhliman Sadıqov, Xanım Abdullayeva, quruluşçu rejissoru Aleks Hacıyevski, quruluşçu operatorları Nicat Qasımov, İlkin Məmmədovdur. Film Tədris film kinostudiyasının məhsuludur. Kinostudiyanın direktoru ADMİU-nun Kino və televiziya fakültəsinin dekanı Elnur Mehdiyevdir. Filmin montajı Azər Həsənova aiddir.
Rektor Ceyran Mahmudova qeyd edib ki, bu film ADMİU-nun şəhid məzunları və qazilərinə sonsuz ehtiramının nümunəsidir. Daim şəhidlərini, Vətən müharibəsi iştirakçılarını diqqətdə saxlayan universitet bu önəmli fəaliyyətini davam etdirəcək, onlar haqqında yeni-yeni filmlər, əsərlər yaradacaq, onların qəhrəmanlığı gələcək nəsillərə ötürüləcək.
Sonra film nümayiş edilib. Filmdə 44 günlük Vətən müharibəsi, eləcə də, şəhid Fəqan Məmmədovun həyatı, keçdiyi döyüş yolu şahidlərin çıxışlarının fonunda işıqlandırılıb.
Tədbirdə çıxış edən şəhid Fəqan Məmmədovun anası Surət xanım hər kəsə təşəkkürünü bildirib, oğlu və bütün şəhidlərlə fəxr etdiyini deyib.