MƏDƏNİYYƏT


Mədəniyyət və İncəsənət Universitetində açıq dərs: Nizami Gəncəvi və Şərq intibahı

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Nizami Gəncəvi İli” ilə əlaqədar tədbirlər planı çərçivəsində onlayn açıq dərs keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli tərəfindən keçirilən açıq dərs “Nizami Gəncəvi və Şərq intibahı” mövzusunu əhatə edib. G.Kəngərli Nizami lirikasından, dahi şairin dünya poeziyasındakı yerindən söz açıb. Bildirib ki, Nizami Gəncəvi yazdığı beş poemanı “Xəmsə” adı altında birləşdirərək böyük bir ənənənin təməlini qoyub. Ondan sonra “Xəmsə”, o cümlədən buraya daxil olan poemalar ayrı-ayrı dövrlərdə dünya şairlərinin yaradıcılığı üçün mövzu olub. Nizami Gəncəvi, həmçinin zamana və məkana sığmayan böyük filosof idi və onun yaradıcılığı bütünlüklə kamil insan axtarışına həsr olunmuşdu. Nizaminin lirik irsindən hazırda 6 qəsidə, 120 qəzəl, 30 rübai məlumdur. Şairin lirikasının əsas mövzusu məhəbbətdir, özü də bu məhəbbət sırf sufi, ilahi məhəbbət və ya real məhəbbətlə sufiyanə məhəbbətin qarışığı deyildir. Şeirlərdəki məhəbbət real məhəbbətdir, yaşanmış duyğuların ifadəsidir. Nizaminin eşq haqqında söylədiyi fikirlər onun insan konsepsiyasından bəhrələnir. İnsanı “təbiətin tacı”, “yaranmışların əşrəfi” hesab edən dahi şair məhəbbəti insanda olan ən ali sifət, ən uca mənəvi qabiliyyət kimi qiymətləndirir. Bütün böyük şairlərdə olduğu kimi Nizami yaradıcılığında da məhəbbətin səbəbi və mənbəyi insan gözəlliyidir.

Professor vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2020-ci il 5 yanvar tarixli Sərəncamı dahi şairin irsinin təbliğinə geniş imkanlar yaradır.

Gülşən Kəngərli şairin əsərlərinin tərcüməsindən də söz açıb. Nizami poeziyasının, yaradıcılığının, fəlsəfəsinin ucsuz-bucaqsız ümman olduğunu deyib, bu mövzunun mütəxəssislər, nizamişünas filoloqlar tərəfindən davam etdiriləcəyinə əminliyini bildirib.

Diskussiya şəklində keçirilən dərsdə G.Əliyeva tələbələrin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.