ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetində tədbir: Zirvədən zirvəyə və əbədiyyətə

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Zirvədən zirvəyə və əbədiyyətə” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, tədbiri ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq universitetdə hər il ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində müxtəlif tədbir, dəyirmi masa və konfransların keçirildiyini söyləyib: “Bu illər ərzində çox insanların onunla bağlı xatirələrini, fikirlərini dinləmişəm və görmüşəm ki, hər bir insanın qəlbində öz Heydər Əliyev obrazı var. Hər dəfə onun haqqında yeni nələrsə öyrənirik və bir daha əmin oluruq ki, hazırkı çiçəklənən Azərbaycan məhz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycandır. Ulu öndər Heydər Əliyev mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğı ilə yanaşıb. O, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşar, mədəniyyət xadimlərini öz diqqəti ilə ruhlandırardı. Ona görə də Ulu Öndərin hakimiyyəti dövründə mədəniyyətimiz özünün ən gözəl inkişaf yolunu keçdi”.

Rektor qeyd edib ki, bu gün ADMİU-da dərs deyən bir çox mədəniyyət xadimlərimizin, eləcə də bizim Heydər Əliyev dühası ilə bağlı xatirələrimiz çoxdur: “Biz onun bu qayğısının, diqqətinin canlı şahidləriyik. Ədəbiyyat, rəssamlıq, xalçaçılıq, bəstəkarlıq, heykəltaraşlıq, teatr, kino və sair mədəniyyət sahələrimizin hər biri Heydər Əliyevin çox dəyərli ideyalarından bəhrələnib və inkişaf yolu keçib. Ümummilli Liderimiz Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanındı”.

ADMİU-nun kafedra müdiri Əməkdar incəsənət xadimi Rafiq Quliyev ulu öndər Heydər Əliyevin mədəniyyətə və incəsənətə olan yüksək diqqət və qayğısından bəhs edib, özünün xatirələrini bölüşüb. Rafiq Quliyev dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Ulu Öndər” sənədli filmindən danışıb, bu filmi öz yaradıcılığının mühüm mərhələsi adlandırıb.

Xalq artistləri Həmidə Ömərova, Oqtay Mirqasımov, Zamiq Əliyev, Əməkdar incəsənət xadimi Əli Əmirli çıxış edərək Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb, görkəmli dövlət xadimi Heydər Əliyevi bütün dövrlərin dahi şəxsiyyəti, əvəzolunmaz lider adlandırıblar. Bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyətə, incəsənətə böyük qayğı ilə yanaşıb. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, bu qayğıdan kənarda qalsın. Ulu Öndər hər zaman mədəniyyətimizi yaradan və inkişaf etdirən bütün sənətkarların əməyini yüksək qiymətləndirib, diqqət və qayğısını əsirgəməyib. O, rəssamların, bəstəkarların, yazıçıların, teatr xadimlərinin qurultaylarında özü şəxsən iştirak edir, gözəl çıxışları və dəyərli təklifləri ilə onları ruhlandırır, stimul verirdi. Bir çox tamaşaların premyeralarında şəxsən iştirak edir, tamaşa sonrası səhnə arxasında fikirlərini yaradıcı heyətlə, aktyorlarla bölüşür, onları təbrik edirdi. Ulu Öndər yeni estetik düşüncəyə malik əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.

Tədbirdə “Ulu Öndər” sənədli filmi nümayiş edilib.

Sonra iştirakçılar ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin dünyaşöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi kitab sərgisi ilə tanış olub, Ulu Öndərin büstü önünə əklil qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.