ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetində yaz semestrinə hazırlığın vəziyyəti müzakirə edilib

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) elmi şuranın 2019-cu ildə birinci iclası keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən rektor, professor Ceyran Mahmudova 2019-cu ilin yeni başlanmasına baxmayaraq universitetin professor-müəllim heyətinin və tələbələrinin bir sıra uğurlara imza atdığını söyləyib.

Rektor dövlət başçısı tərəfindən Gənclər üçün Prezident Mükafatına layiq görülən ADMİU-nun kino və televiziya fakültəsinin magistrantı Masər Həsənovu təbrik edib, ölkəmizdə mədəniyyətin inkişafına, o cümlədən gənclərə dövlət qayğısının nümunəsi olan bu xoş hadisənin universitet üçün böyük fəxr olduğunu bildirib.

Rektor universitetin professor-müəllim heyətinin qazandığı uğurlardan da bəhs edib. Dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əzizin bu ilin yanvarında keçirilmiş “Maestro and Artists” sərgisi haqqında məlumat verib. Bildirib ki, sərgidə Arif Əzizin və onun yüzə yaxın tələbəsinin əsərləri nümayiş olunub və böyük tamaşaçı auditoriyasının diqqətini cəlb edib.

Diqqətə çatdırılıb ki, kino-televiziya sənətləri kafedrasının müdiri, professor Rafiq Quliyevin rejissoru olduğu “Çövkən” filmi I İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı çərçivəsində “Ən yaxşı Azərbaycan sənədli filmi” nominasiyası üzrə “Zoroaster” mükafatına layiq görülüb.

İclasda 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları, yaz semestrinə hazırlığın vəziyyəti və qarşıda duran məsələlər, doktoranturada təhsilin vəziyyəti, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil müddəti 1,5 il olan magistrlərin müdafiəsinin nəticələri, o cümlədən bir sıra cari məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.