ELM VƏ TƏHSİL
Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunan konfransa məruzə qəbul edilir
Bakı, 30 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dekabrın 16-da “Muzeyşünaslığın tədrisi problemləri” mövzusunda keçiriləcək IV respublika elmi konfransına məruzə qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, konfransda iştirak etmək istəyənlər məruzələrini noyabrın 7-dən gec olmayaraq Azərbaycan, ingilis və rus dillərindən birində A4 formatlı kağızda çap olunmuş, müəlliflər tərəfindən imzalanmış şəkildə bir nüsxədə, surəti elektron daşıyıcıda olmaqla və ya [email protected] ünvanına göndərilməklə Təşkilat komitəsinə təqdim etməlidir. Təşkilat komitəsi konfransın mövzusuna uyğun gəlməyən və qoyulan tələblərə cavab verməyən məruzələrin qəbul edilməməsi hüququnu özündə saxlayır. Qəbul edilmiş məqalələrin nəşri ödənişlidir. Konfrans materialları toplu halında tədbirin sonunda iştirakçılara təqdim olunacaq. Konfransda iştirak və məruzənin tərtibi qaydaları ilə ADMİU-nun saytında ətraflı tanış olmaq mümkündür.
Qeyd edək ki, konfrans ADMİU-nun 100, muzeyşünaslıq ixtisası üzrə mütəxəssislərin buraxılışının 25 illiyinə həsr olunur. Konfrans muzey təhsili-nəzəriyyə və təcrübə, Azərbaycanda muzey işinin öyrədilməsinin yeni istiqamətləri və digər məsələlərə həsr olunub.