ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları beynəlxalq festivalda mükafat qazanıb

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qrupları Rusiyada keçirilən 39-cu Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) beynəlxalq tələbə festivalında iştirak edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, azərbaycanlı tələbələrin festivalda iştirakı ADMİU və ÜDKİ arasında bu ilin mart ayında imzalanan, iki ali təhsil müəssisəsi arasında təhsil, elm və yaradıcılıq sahəsində əlaqələrin qurulmasını nəzərdə tutan qarşılıqlı əməkdaşlıq müqaviləsinə əsasən reallaşıb.

Festivalda ADMİU ölkəmizi Uilyam Şekspirin pyesinin motivləri əsasında hazırlanmış “Otello əfsanəsi” tamaşası ilə təmsil edib. Mistik ballada janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada “SABAH” qruplarında IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər.

Tamaşa festivalın tərkib hissəsi olan 15-ci beynəlxalq teatr yarışması çərçivəsində nümayiş olunub. Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri – baş katib Nigar Axundova, humanitar məsələlər üzrə məsləhətçi Zaur Paşayev tamaşanı izləyiblər.

Qeyd edək ki, “Otello əfsanəsi” bu ilin mart ayında Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” festivalında “Ən orijinal tamaşa” seçilib. Otello rolunun ifaçısı, “SABAH” tələbəsi Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə mükafata layiq görülüb.

ADMİU-nun “SABAH” qruplarının “Otello əfsanəsi” bu dəfə də festivaldan əliboş qayıtmayıb. Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş münsiflər heyətinin qərarına əsasən, “Otello əfsanəsi” tamaşası “Dünya klassikasının yozumunda milli yanaşma”, “Klassik dünya ədəbi motivlərinin çevik təcəssümü” nominasiyaları üzrə qalib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.