ELM VƏ TƏHSİL
Mədəniyyət və İncəsənət Universitetinin müəllimi beynəlxalq konfransda məruzə edib
Bakı, 15 iyul, AZƏRTAC
Şota Rustaveli adına Gürcüstan Teatr və Kino Universitetinin təşkilatçılığı ilə “İncəsənət və müasirlik” mövzusunda İncəsənət Tədqiqatçılarının XIII Beynəlxalq Elmi Konfransı keçirilib. Tbilisidə keçirilməsi planlaşdırılan konfrans COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə "Google Hangout Meet" platforması üzərindən təşkil edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) məlumat verilib. Bildirilib ki, tədbirdə ölkəmizi ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov təmsil edib. Gürcüstan, Almaniya, Polşa, Litva, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Ukrayna və Belarusdan teatr mütəxəssislərinin qatıldığı konfransda azərbaycanlı teatrşünasın “XX əsrin teatrı. Teatrdan qeyri-teatra doğru” mövzusunda məruzəsi maraqla qarşılanıb və geniş diskussiyaya səbəb olub.
A.Kutateladze adına Tbilisi Dövlət İncəsənət Akademiyası və V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının dəstəyi ilə keçirilən konfrans virtual məkanda geniş əks-səda doğurub.