ELM VƏ TƏHSİL


Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Qarabağla bağlı film hazırlanır

Bakı, 10 dekabr, AZƏRTAC

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Qarabağla bağlı filmin hazırlıqlarına başlanılıb.

AZƏRTAC xəbər verir ki, layihə mərkəzin nəzdindəki “ART” studiyada icra olunur.

Filmin quruluşçu rejissoru prodüser, kinorejissor Nadir Maçanov, quruluşçu operatoru Raid Abbasovdur. Filmdə Azərbaycanın tanınmış aktyorları - Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfər və digərləri rol alacaqlar.

Filmin yaradıcı və texniki heyətinə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları və tələbələri də daxil edilib. Layihə çərçivəsində Nadir Maçanov mərkəzin tələbələrinə ustad dərsləri də keçir.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev bildirib ki, filmin mərkəzin bazasında çəkilməsi tələbələrin nəzəriyyədə öyrəndiklərini təcrübədə daha da möhkəmləndirmələrinə kömək edəcək, həmçinin Azərbaycan kinosu üçün peşəkar kadrların hazırlanmasına öz töhfəsini verəcək.

Xatırladaq ki, Nadir Maçanov Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin prodüserlərindən və rejissorlarından biri, Rusiya və Ukraynanın birgə istehsalı olan “İnam, Ümid və Sevgi” (Vera, Nadejda, Lyubov) filminin rejissoru və ssenaristi olub, Türkiyənin Safranbolu şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq “Qızıl zəfəran 2018” film festivalının münsiflər heyətinə rəhbərlik edib, bir çox yerli və beynəlxalq layihələrdə rejissor, ssenarist və prodüser kimi çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.