MƏDƏNİYYƏT


Mədəniyyət və incəsənət xadimlərinə orden və medallar, fəxri adlar təqdim edilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Hər bir yaradıcı insanın arxasında fitri istedadla yanaşı, gərgin əmək dayanır. Sevinirəm ki, dövlət bu fədakar əməyi daim qiymətləndirir. Yaradıcı axtarışın hər birinin özünəməxsusluğu var. Hər bir yaradıcı insanın əməyi xalq tərəfindən yüksək dəyərləndirilir”.

Nazir vurğulayıb ki, bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə göstərilən diqqətdir. “Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub”, - deyə nazir söyləyib.

Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanın mədəni həyatı zəngin hadisələrlə doludur: “Artıq teatr və konsert müəssisələri mövsümü açır. Bu mövsüm də mədəni zənginliyi ilə seçiləcək. Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı və digər böyük tədbirlər keçiriləcək”.

Daha sonra mükafatlar təqdim olunub.

Mükafat alanlar çıxış edərək onlara təqdim edilən mükafatın böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açaraq ölkə başçısına və Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.