SİYASƏT


Mədəniyyətlərarası dialoqun təbliğində şəhər siyasətinin rolu böyükdür VİDEO

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ISESCO-nun təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqun təbliğində şəhər siyasətinin rolu” mövzusunda sessiya keçirilib.

Sessiyanın moderatoru, humanitar elmlər üzrə mərakeşli alim Abdellilah Benarafa bildirib ki, şəhər siyasəti ilə bağlı olan dialoqlar bu gün dünyanın əsas məsələlərindən biridir. Şəhərlə bağlı olan siyasət mücərrəd seqmentdə olan müzakirələr tələb edir, həmçinin bu məsələ ərazilərin inkişafı baxımından vacibdir. Müzakirələr zamanı “Şəhərlərdə mədəniyyətlərarası dialoqu necə yaratmaq olar?”, “Mədəniyyətlərarası dialoqda şəhər siyasətinin təbliğini necə etmək olar?”, - bu kimi suallara cavab tapılacaq. İnteqrasiya prosesləri vasitəsilə bu məsələnin həllinə nail olmaq mümkündür. Bir çox məsələlərdə müşahidə edirik ki, bəzi insanlar cəmiyyətə tam şəkildə uyğunlaşa bilmirlər. Ona görə də dövlətlər, şəhərlər, mədəniyyətlər arasında bunu danışmağa ehtiyac var. Dünyada olan bir çox şəhərlərdə həmin insanlar sərbəst şəkildə fəaliyyət göstərə bilmirlər. Orada yaşayan insanlara diqqət və qayğı yoxdur. Ona görə də həmin şəhərlərdə cinayətkarlıq, terrorizm getdikcə artır. Həmin insanlar cəmiyyətdən təcrid olunduqca bu kimi mənfi proseslər meydana çıxır. Ona görə də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu problemlərin həlli yolunu müzakirə etmək üçün bir fürsətdir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov Bakının ən qədim tarixə malik yeri - İçərişəhər haqqında məlumat verib. Bildirib ki, İçərişəhərin minilliklər ərzində mövcudluğunu bu gün onun ərazisində yerləşən tarixi abidələr də təsdiqləyir. Müasir dövrdə İçərişəhər bir turist məkanına çevrilib. Qədim tarixə malik olması ilə, muzeyləri, qalaları, küçələri ilə turistlərin diqqətini cəlb edir. Buranı ziyarət edən turistlərin sayı ildən-ilə artır.

Azərbaycanda müxtəlif dinlərə, mədəniyyətlərə mənsub insanların yaşadığını vurğulayan Ə.Ələkbərov qeyd edib ki, ölkəmizdə tolerantlıq yüksək səviyyədədir. Mədəniyyətlərarası, dinlərarası dialoq və multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar üçün əmin-amanlıq və xeyirxahlıq mühiti yaradılıb. Azərbaycan İslam və Avropa sivilizasiyalarının dəyərlərini özündə birləşdirir.

Əmman bələdiyyə komitəsinin sədri Yousef Al Şavarbeh Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. O, təmsil etdiyi şəhər haqqında ətraflı məlumat verib.

Turizm sahəsinin önəmini vurğulayan Y.A.Şavarbeh bildirib ki, bu sahə ölkələrin, şəhərlərin, iqtisadiyyatın inkişafını təmin edir.

İtaliyanın Romualdo Del Bianco Fondunun baş katibi Simone Giometti bildirib ki, dünya şəhərləri arasında dialoq qurularaq qarşılıqlı anlaşma yaradılmalıdır. Bu cür model yaratmaqla mədəniyyətlərarası dialoqa nail ola bilərik. Şəhərlərdə turizmin inkişaf etməsi dialoqun da yaranmasına səbəb olur. Turistlərin sayı artdıqca dialoq yaratmaq imkanları genişlənir. Burada qarşılıqlı hörmət, ehtiram, anlaşma mövcuddur. Şəhərlərdə turistlər mədəniyyətlərarası dialoqa böyük fayda verə bilər. Buna görə də şəhərlərdə yerləşən məkanlara diqqət yetirilməli, onların inkişafına xüsusi önəm verilməlidir.

Qraz Şəhər Meriyasında inteqrasiya və dinlərarası dialoq şöbəsinin müdiri və mətbuat katibi Tomas Racakoviç qeyd edib ki, turizm sahəsinə əsasən kiçik şəhərlərdə diqqət yetirmək lazımdır. Çünki mədəniyyətlərarası dialoq elə buradan başlayır. Müxtəlif yerlərdə turistlərə qayğı ilə və hörmətlə yanaşılmalıdır. O, Qraz şəhəri haqqında ətraflı məlumat verib.

Sessiya müvafiq mövzuda müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.