REGİONLAR


“Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” beynəlxalq forumu öz işini İvanovkada davam etdirib

İsmayıllı, 6 oktyabr, AZƏRTAC

Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının və Azərbaycanda Rus İcmasının təşkilatçılığı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilən “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusundakı beynəlxalq elmi-praktik forum oktyabrın 6-da öz işini İsmayıllıda, rusların yığcam yaşadıqları İvanovka kəndində davam etdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq forumun iştirakçıları İvanovkada ümummilli lider Heydər Əliyevin adını daşıyan tam orta məktəbə gəlib, tədris ocağı ilə tanış olublar. Məktəbin direktoru Polina Radayeva Azərbaycanda rus dilinə olan diqqətdən, məktəblərdə bu dilin böyük sevgi ilə tədris olunmasından, İsmayıllı təhsilinin uğurlarından danışıb və bu uğurlarda İvanovka kənd tam orta məktəbinin də nəzərəçarpan payı olduğunu vurğulayıb. o, forumun mədəniyyətlərarası dialoqa dair müzakirələrin aparılması və əməkdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd edərək, iştirakçılara uğurlar arzulayıb.

Sonra rayon rəhbərliyinin və təhsil işçilərinin iştirakı ilə “Dünya ölkələrində rus dilində təhsil: müasir çağırış və inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”nı açan Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri, Rusiya Həmvətənləri Beynəlxalq Şurasının idarə heyətinin üzvü Mixail Zabelin respublikamızda çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, Azərbaycanın qədimdən tolerant ölkə olduğunu söyləyib. Mixail Zabelin ruslara və onların dilinə göstərilən qayğıya görə Rus İcması və Rusiya həmvətənləri adından Azərbaycan rəhbərliyinə və xalqına təşəkkürünü bildirib. O, Azərbaycan məktəblərində, KİV-lərdə rus dilindən geniş istifadəni iki xalq arasında güclü əlaqə kimi qiymətləndirib.

Tədbirdə iştirak edən qonaqlardan rusiyalı Yuriy Qoryaçov, Yelena Çernışova İvanovkanın timsalında ölkəmizdə rusdilli əhaliyə göstərilən diqqəti yüksək dəyərləndiriblər.

Beynəlxalq Pedaqogika Cəmiyyəti Əlaqələndirmə Şurasının sədri, Latviya Rus Mədəniyyəti Cəmiyyətinin sədri, Riqa şəhərində “Siqma” özəl məktəbinin direktoru Yelena Matyakubova Latviya ilə Azərbaycan gəncləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb. Azərbaycanı dünyanın cənnət məkanlarından biri, İsmayıllını isə onun füsunkar guşəsi adlandıran Yelena Matyakubova xalqlar arasında əlaqələrin daha da genişlənməsi istiqamətində həyata keçirdiyi layihələrdən söz açıb, forumun əhəmiyyətini vurğulayıb.

Forumda Polşa təmsilçiləri Boqumila Sverko, Bronislav Bilk, Belarus nümayəndələri İnna Vannik, Anna Yereşoviç, Moskva şəhərindən gələn Ramida Qasımova “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunu əhatə edən məruzələrlə çıxış ediblər.

“Dəyirmi masa”da Rusiya, Türkiyə, Polşa, Ukrayna, Latviya, Kanada, Belarus, Almaniya, Serbiya, Bolqarıstan, Özbəkistan və digər ölkələrdən gələn rus dili mütəxəssisləri iştirak ediblər.

Qonaqlara İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından hədiyyələr təqdim olunub. Rus İcması adından məktəbə “Russkaya kultura” adlı albom hədiyyə edilib.

Məktəb şagirdləri vətənpərvərliyi, dilləri, dostluğu tərənnüm edən şeirlər söyləyib, mahnılar ifa ediblər. Məktəblilərin milli koloriti əks etdirən rəqsləri alqışlarla qarşılanıb.

Forum iştirakçıları ulu öndər Heydər Əliyevin adını daşıyan İvanovka kənd tam orta məktəbindən xoş təəssüratlarla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.