SİYASƏT


Mədət Məmmədov: ANAMA cəbhəboyu yaşayış məntəqələrində sürətli təmizləmə əməliyyatları aparır

Goranboy, 6 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Bildiyiniz kimi, Ermənistan ordusunun təxribatları nəticəsində cəbhə xəttində atəşkəsin pozulması baş verib. Sentyabrın 27-dən bu günədək döyüşlər davam edir. Döyüşlərin başlandığı gündən indiyədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bütün cəbhəboyu yaşayış məntəqələrində gecə və gündüz sürətli əməliyyatlar aparır.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri ANAMA-nın partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üzrə əməliyyat meneceri Mədət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

M.Məmmədov bildirib ki, düşmən tərəfindən atılmış və partlamamış sursatların zərərsizləşdirilməsi və təmizlənməsi həyata keçirilir. Bundan başqa, əhali ilə maarifləndirici söhbətlər aparılır. Onları narahat edən sursat qalıqlarının ərazidən götürülməsi işi görülür. Hazırda ANAMA-nın 24 qrupu regionda çalışır. Bu günə kimi, ANAMA-ya 200-dən çox çağırış daxil olub və 64 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

“Eyni zamanda, agentliyin Mina maarifləndirmə şöbəsi də regionlarda əhali ilə sıx təmasdadır. Atılıb partlamamış sursatlarla bağlı, həmçinin düşmən tərəfindən qadağan olunmuş kaset bombaları, kaset başlıqlı raketlərin atılması nəticəsində əhalinin maarifləndirilməsinə yönəlmiş işlər aparılır. Müxtəlif və ən çox istifadə edilən bombaların və partlamamış hərbi sursatların şəkilləri göstərilir və məlumatlar verilir”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.