CƏMİYYƏT
Mədət Quliyev: İŞİD terror təşkilatına qoşulan 195 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycanın 900-ə yaxın vətəndaşı qara təbliğata inanaraq İŞİD terror təşkilatına qoşulub. Onlar inanıblar ki, yaxşı iş görüblər. Amma əslində bu, cinayət işidir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev jurnalistlərə açıqlamasında deyib.
Xidmət rəisi bildirib ki, həmin şəxslərdən 85-i Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmçinin 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib.
“Müəyyən azərbaycanlı ailələr İŞİD terror təşkilatının qara təbliğatına inanaraq oraya gedib və orada uşaqları olub. Təbii ki, o uşaqların da orada ölməsi faktları var. Bizə məlumat daxil olub ki, 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub. Hazırda əməkdaşımız İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”, - deyə M.Quliyev bildirib.