CƏMİYYƏT
Media Təhlil Mərkəzi Qurban bayramı ilə əlaqədar sorğu keçirib
Bakı, 16 iyul, AZƏRTAC
Media Təhlil Mərkəzi (MTM) Qurban bayramı ilə əlaqədar iyulun 7-12-də sorğu keçirib.
MTM-dən AZƏRTAC-a verilən məlumata görə, sorğuda iştirak edən 860 respondentin 52 faizini qadınlar, 48 faizini isə kişilər təşkil edib.
“Müqəddəs Qurban bayramını şəriət qaydalarına uyğun qeyd edirsiniz?” sualını cavablandıranların 34,8 faizi hər il qurban kəsib ehtiyacı olanlara payladıqlarını, 10,2 faizi qurban kəsmək yerinə həmin vəsaiti xeyriyyə məqsədilə yönləndirdiyini qeyd edib. Ehtiyaclı insana əl tutduğunu və ən azı bayram süfrəsi açmasına dəstək olduğunu deyənlər respondentlərin 20,3 faizini, həm qurban kəsdiyini, həm də bayram namazı qıldığını deyənlər isə sorğu iştirakçılarının 11,7 faizini təşkil edib. Cavab verənlərin 10,2 faizi pandemiyaya görə Qurban bayramını ənənəvi qaydada qeyd etməyi düşünmədiyini, 12,8 faizi isə ümumiyyətlə qeyd etmədiyini bildirib.
Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 51,1 faizi yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar olaraq bayram günlərini evdə keçirməyi, 19,1 faizi isə bölgələrə səfər etməyi düşünür. Dostları ilə əyləncə məkanlarına üz tutacağını deyənlər cavab verənlərin 8,5 faizini, xaricə səfər etməyi düşünənlər 2,7 faizini, bayramı qeyd etməyi düşünməyənlər isə 18,6 faizini əhatə edib.
Yeni növ koronavirus pandemiyasının Qurban bayramına təsirinə gəlincə, respondentlərin 41,2 faizinin fikrincə, pandemiya insanların maddi durumuna təsir etdiyinə görə bayram əvvəlki qaydada keçirilməyəcək. İştirakçıların 33,6 faizi karantin qaydaları yumşaldıldığı üçün bu il bayramın ötən illə müqayisədə daha geniş qeyd ediləcəyini, 10 faizi Qurban kəsimi məntəqələrində insanların daha az toplaşacağını düşünür. Müqəddəs Qurban bayramının ənənəvi qaydada keçiriləcəyini düşünənlər isə respondentlərin 15,2 faizini təşkil edib.