CƏMİYYƏT
Media Təhlil Mərkəzi: hər kəsin peyvənd vurdurmasının vacib olduğunu qeyd edənlər sorğu iştirakçılarının 54 faizini təşkil edib
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 1-dən etibarən Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv olunub. MTM (Media Təhlil Mərkəzi) mövzu ilə bağlı oktyabrın 5-dən 10-dək sorğu keçirib.
MTM-dən AZƏRTAC-a verilən məlumata görə, sorğuda iştirak edən 626 respondentin 51 faizini qadınlar, 49 faizini isə kişilər təşkil edib.
Respondentlərdən xidmət sahələrindən hansının fəaliyyətinin bərpasını daha çox gözlədikləri soruşulub. Bir neçə cavab variantı seçmək imkanına malik olan iştirakçıların 75 faizi daha çox həftəsonu ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını gözlədiklərini qeyd ediblər. Cavab verənlərin 29 faizi “istirahət və əyləncə məkanları”, 19 faizi “konsert və konfrans zalları”, 31 faizi “kinoteatrlar və teatrlar” variantını seçib. Sorğu iştirakçılarının 13 faizi qeyd olunanların heç birindən istifadə etmədiyini bildirib.
Cavab verənlərin 34 faizi bütün qadağaların tezliklə ləğv olunacağını, 43 faizi bəzi qadağaların hələ uzun müddət qüvvədə qalacağını, 23 faizi isə karantin rejiminin yenidən sərtləşdiriləcəyini qeyd edib.
Respondentlərin 30 faizinin fikrincə, pandemiya tezliklə bitəcək. Pandemiyanın yaxın zamanlarda bitməyəcəyini, hər kəsin peyvənd vurdurmasının vacib olduğunu qeyd edənlər sorğu iştirakçılarının 54 faizini təşkil edib. Cavab verənlərin 16 faizi isə pandemiyanın heç vaxt bitməyəcəyini vurğulayıb.