ELM VƏ TƏHSİL
Media Təhlil Mərkəzi təkmilləşdirmə və xarici dil kursları ilə bağlı sorğu keçirib
Bakı, 13 sentyabr, AZƏRTAC
Yeni tədris ili ərəfəsində vətəndaşların əlavə bilik və bacarıqlara yiyələnməyə nə dərəcədə maraq göstərdiklərini müəyyənləşdirmək üçün Media Təhlil Mərkəzi tərəfindən təkmilləşdirmə və xarici dil kursları ilə bağlı sorğu keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sorğuda iştirak edən 500 respondentin 49 faizini qadınlar, 51 faizini kişilər təşkil edib.
İşdən və dərslərdən kənar hər hansı təkmilləşdirmə və ya dil kurslarına getməklə bağlı sualın nəticələri göstərir ki, respondentlərin 16 faizi bacarıqlarını təkmilləşdirmək üçün əlavə kurslara, 13 faizi xarici dil, 8 faizi qeyd olunan hər iki kursa gedir. Sualı cavablandıranların 33 faizi kursa getməsə də, müstəqil şəkildə öyrəndiklərini, 30 faizi isə heç bir kursa getmədiyini bildirib.
Respondentlərin 12 faizi onlayn formatda qrup şəklində, 7 faizi onlayn şəkildə fərdi qaydada, 19 faizi ofis şəraitində qrup halında, 7 faizi ofis şəraitində fərdi şəkildə təhsil alır. Ümumiyyətlə kursa getməyənlər isə iştirakçıların 55 faizini təşkil edib.
“Pandemiya şəraitində hansı tədris formasını dəstəkləyirsiniz” sualını cavablandıranların 45 faizi tədrisin ənənəvi, 20 faizi distant formada keçirilməli olduğunu bildirib. İştirakçıların 15 faizi isə indiki şəraitdə əyani təhsillə bağlı qərarı dəstəkləmədiklərini qeyd edib. Respondentlərin digər 20 faizi tədris zamanı növbəlilik prinsipi və sosial məsafənin qorunmasının vacibliyini vurğulayıb.
“Hansı xarici dil kursuna gedirsiniz?” sualının cavabları isə belə olub: ingilis 52 faiz, rus 24, alman 8, fransız 4, ispan 3, italyan 2 faiz, digər dillər 9 faiz, “xarici dil öyrənmirəm” deyənlər 31 faiz təşkil edib.