CƏMİYYƏT


Media nümayəndələri Kliniki Tibbi Mərkəzdə icbari tibbi sığortanın təşkili ilə tanış olublar

Bakı, 5 dekabr, AZƏRTAC

İcbari tibbi sığortanın tətbiqindən sonra Kliniki Tibbi Mərkəzdə struktur dəyişikliklər həyata keçirilib və Bakının Nəsimi, Yasamal və Səbail rayonları üzrə bir neçə tibb müəssisəsini özündə birləşdirilərək “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxs yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzə (KTM) təşkil olunan mediaturda KTM-in direktoru Könül Ələkbərov deyib.

”Sığorta tətbiq edildikdən sonra tibbi xidmətlərin əlçatanlığı baxımından xəstəxanaya müraciətlərin sayı artıb. 2020-ci il pandemiya dövrünə təsadüf etdiyi üçün müqayisəni 2019-cu il ilə qeyd edəcəm. Məsələn, 2019-cu ildə ambulator tibbi xidmət üçün 65 242 müraciət daxil olmuşdusa, 2021 və 2022-ci illərdə müraciətlərin sayı müvafiq olaraq 108 min 606-ya və 276 min 835-ə qədər artıb. Cari ildə stasionara qəbul 22 min 166, cərrahi əməliyyat sayı isə ötən il ilə müqayisədə 3 dəfəyə yaxın artaraq 9 min 762 olub”, - deyə mərkəzin direktoru bildirib.

Mediaturun məqsədi media nümayəndələrini KTM-in fəaliyyəti, icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadəetmə prosesini izləmələrinə imkan yaratmaqdır.

K.Ələkbərov icbari tibbi sığortanın yaratdığı imkanlar hesabına KTM-də yeni tibbi şöbələrin yaradıldığı, müasir tibbi avadanlıqların (EXO, EKQ, USM, KTQ və s.) alındığı, Türkiyədə və Avropanın digər ölkələrində təhsil almış uzmanların işə cəlb olunduğu diqqətə çatdırılıb: “KTM-də urologiya, neyrocərrahiyyə, torakal cərrahiyyəsi, endoskopiya şöbələri yaradılıb. KTM-in tabeliyində ölkəmizin ən böyük Hemodializ Mərkəzi fəaliyyətə başlayıb. Kəskin və xroniki hemodializ xəstələrinin mərkəzdə müalicə edilməsi və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün əlavə hemodializ aparatları alınıb, çarpayı sayı 81-ə çatdırılıb. Hemodializ Mərkəzində Nefrologiya şöbəsi yaradılıb. Burada böyrək mənşəli hipertenziya, xroniki böyrək çatışmazlığı, kəskin böyrək çatışmazlığı və digər kimi xəstəliklərin müalicəsi aparılır”.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova media nümayəndələrinə bildirib ki, agentliyin əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır: “Keyfiyyətli tibbi xidmətin göstərilməsi səhiyyə infrastrukturu və kadr təminatı ilə bağlıdır. KTM-də yaradılan bu şərait, yüksəkixtisaslı kadrların olması icbari tibbi sığortanın uğurlu tətbiqinə və əhalinin xidmətlərdən rahat istifadəsinə imkan verir. Nəticələr də bunu göstərir. Belə ki, bu il ərzində ümumilikdə 127 min 732 pasiyentə 1 370 000-dən çox tibbi xidmət göstərilib. KTM il ərzində ən çox xidmət göstərən 10 tibb müəssisəsi arasında 4-cü yerdədir. İcra olunan əməliyyatlar əsasən həzm sistemində, əzələ-skelet sistemində, burun, ağız və udlaqda aparılıb”.

Mediatur zamanı jurnalistlər pasiyentlərin tibb müəssisəsinə ilkin müraciət prosesi, icbari tibbi sığortadan istifadə qaydaları, diaqnostik müayinə otaqları, o cümlədən bir neçə tibbi şöbənin fəaliyyəti ilə tanış olublar. Həmçinin jurnalistlər KTM-də yeni yaradılmış və Cənubi Qafqazın ən böyük Təcili tibbi yardım şöbəsini də gəziblər. Onlar şöbədə yaradılan 2 canlandırma otağı, 8 çarpayılıq mini reanimasiya zalı, 36 yerlik müşahidə otağı, gips və müdaxilə otağı, o cümlədən ginekoloji otaq və uşaqlara təcili tibbi yardımın göstərilməsi üçün yaradılan zallarla tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.